
Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyası Azərbaycanın Qazax rayonu ilə həmsərhəd əraziyə gələrək, müşahidə aparıblar. Əsasən Zəngəzur istiqamətində “müşahidə”lər aparan missiyanın Qazaxla sərhədə gəlməsi diqqət çəkir. Rəsmi Bakı üçüncü qüvvələrin sülh prosesinə mane olduğunu düşünür və regionu tərk etməsi gərəkdiyini bəyan edir.
Missiyanın regiondan çıxması üçün Bakının əlində hansı təzyiq vasitələri var?
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Aİ missiyasının Ermənistan ərazisindən çıxarılması məsələsi razılaşdırılmamış müddəalar arasında qalmaqdadır:
“Ümumiyyətlə, onun “binokl diplomatiyası”nı davam etdirməsi nəinki sülhə töhfə vermir, hətta ciddi təhdid formalaşdırır. Azərbaycanın davamlı sülh üçün əsas tələblərindən biri sərhədimizdə genişləndirilmiş fəaliyyətini davam etdirən bu missiyanın çıxarılmasıdır. Məsələ sülh gündəliyinin başlıca istiqamətlərindən birini formalaşdırır.
Son hadisələr də sübut edir ki, Avropa İttifaqının “mülki missiyasının” Ermənistandakı mövcudluğu beynəlxalq hüququn bütün müddəalarını gözardı edərək süni münaqişə ocağının yaradılmasını hədəfləyir. Ümumiyyətlə, avropalı “diplomatlar” Qazax ilə sərhəddə niyə müşahidə aparmalıdır və ya bu müşahidənin aparılması sülhə hansı töhfəni verə bilər?”

Aytən Qurbanova
Politoloq qeyd edib ki, missiyanın sərhədimizə gəlib mövqelərimizi müşahidə etməsi delimitasiya və demarkasiya prosesinə də mənfi təsir göstərir:
“Azərbaycan tərəfi haqlı olaraq rəsmi kanallar vasitəsilə adekvat və konkret mövqe nümayiş etdirir. Bakı bütün mümkün platformalarda bu halın qəbuledilməz olduğunu və sülh danışıqlarına zərbə vurduğunu bildirir”.
Turan Rzayev
Globalinfo.az