Qarabağın tarixindən yazan niderlandlı: “Azərbaycan münaqişənin qurbanıdır”

“Azərbaycan Ermənistanla münaqişənin qurbanıdır, onun xalqına və ərazisinə böyük ziyan dəyib”.

Globalinfo.az bildirir ki, “Report”un Xocavənd rayonunun Edilli kəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qarabağın tarixi haqqında kitab yazan niderlandlı Henri Vanrens deyib.

“Fevral ayında burada olmuşam, çox faciəvidir. Yazdığım kitaba indiki səfərimlə bağlı da bir hekayə əlavə edəcəyəm və dövlətimdən bu barədə düşünməyi xahiş edəcəyəm, çünki Niderland hələ də Azərbaycan xalqına qarşı törədilmiş soyqırımını tanımayıb”, – o, bildirib.

Onun sözlərinə görə, bir müddət əvvəl o, Avropa Parlamentinin bəzi nümayəndələrinə məktub yazaraq onları açıq şəkildə ermənipərəst mövqedə ittiham edib, lakin hələ də heç bir cavab gəlməyib.

Qeyd edək ki, oktyabrın 15-də xarici ekspertlərdən və QHT nümayəndələrindən ibarət nümayəndə heyəti Xocavənd rayonunun erməni işğalından azad edilmiş Edilli kəndində olub. Heyətin tərkibinə Çexiya, Niderland, Polşa, Finlandiya, Serbiya, Rumıniya, Türkiyə və Estoniyadan olan QHT nümayəndələri daxildir.

İşğaldan azad edilmiş Edilli kəndində sentyabrın sonunda daha bir kütləvi məzarlıq tapılıb. Məzarlıqda ölümündən əvvəl əlləri və ayaqları məftillə bağlanmış 12 nəfərin, ehtimal ki, azərbaycanlı hərbçilərin qalıqları aşkar edilib.