Prezidentin səfəri ciddi siyasi həmlədir – Deputat

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qarabağ və Şərqi Zəngəzura budəfəki səfəri Böyük Quruculuq prosesində iradə ifadəsi olmaqla bərabər, həm də mövcud geosiyasi situasiya şəraitində ciddi siyasi həmlə sayılmalıdır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov Prezidentin Şərqi Zəngəzur səfərini şərh edərkən deyib.

O, bir neçə rayon və kəndlərin təməlinin qoyulması haqda da danışıb:

“Yalnız bir səfər çərçivəsində Ağdam şəhərində 2 yaşayış məhəlləsi, inzibati bina və Muğam Mərkəzinin, Laçının Güləbird kəndinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsi və inzibati bina, məktəb, xəstəxana, habelə Xanlıq, Zilanlı və Mahruzlu kəndlərinin, Zəngilanda inzibati bina, Mərkəzi Xəstəxana və Cahangirbəyli kəndinin, Cəbrayılda Xudafərin qəsəbəsi, Şükürbəyli və Horovlu kəndlərinin, Xocavənddə Hadrut və Tuğ, Füzulidə Pirəhmədli və Dədəli kəndlərinin təməlinin qoyulması ilk növbədə Azərbaycanın Böyük Qayıdış prosesində iradəsinin ifadəsidir.

Eyni zamanda səfər boyu çoxsaylı infrastruktur layihələri və istehsal müəssisələrinin təməlqoyma və açılış mərasimləri, işlərin gedişatına baxış Azərbaycanın bu bölgələrin əsl sahibi kimi dayanıqlı və birdəfəlik qayıdışı hədəflədiyini göstərdi. Aydındır ki, 30 il işğalda olmuş, vəhşi vandal tayfa tərəfindən ekosid, urbisid və kulturasidə məruz qalmış bir bölgəyə qayıdışdan söhbət gedir və hədəf yalnız doğma yurda qayıtmaq yox, təhlükəsiz, insan ləyaqətinin təmin olunduğu dönüşdür».

Deputat Qarabağ və Şərqi Zəngəzurun bu gün dünyada mina ilə ən çox çirklənmiş ərazilərdən biri olduğunu deyib:

“Həmin zonada təhlükəsizliyin təmininin ilk şərti əlbəttə ki, minatəmizləmə prosesinin başa çatmasıdır. Eyni zamanda qayıdan insanların ləyaqətli həyat şəraitinin təmini, Böyük Qayıdışın “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimin geridə qalmaması” kimi prinsiplərə əsaslanması vacib şərtdir. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzura bu dəfəki səfəri zamanı müasir dövrdə insan rifahının ən vacib elementlərinin ehtiva olunduğu, Dayanıqlı İnkişaf Məqsədlərinə və onların müvafiq hədəflərinə uyğunlaşdırılmış digər infrastrukturların qurulmasına xüsusi diqqət yetirilməsi, dayanıqlı və ləyaqətli qayıdış istiqamətində bütün nüansların nəzərə alındığını bir daha göstərdi.

Bəhruz Məhərrəmov

Əlbəttə, Azərbaycan bu istiqamətdə artıq Ağalı və Talışın simasında müsbət təcrübəyə, habelə Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş konseptual hədəflərə malikdir. Bildiyiniz kimi, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin olunması Azərbaycanın 2030-cu ilə qədərki beş milli prioritetindən biridir və cənab Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” da hazırlanıb.

Prezident İlham Əliyev 2022-ci il 31 dekabr müraciəti və bu ilin yanvar ayının 10-da yerli televiziyalara müsahibəsində isə artıq müjdə vermişdi ki, “2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq”. Ötən dövr ərzində Ağalı və Talış kimi müasir kəndlərə qayıdışın təmin olunmasının ardınca, son 3 gün ərzində çoxsaylı yaşayış məskənini özündə birləşdirən 10 kənd, 1 qəsəbə, habelə 4 şəhər məhəlləsinin, habelə aidiyyəti təhsil və səhiyyə infrastrukturu üzrə təməllərin qoyulması Azərbaycan dövlətinin mümkün olan ən intensiv, çevik və səmərəli variantı seçdiyini və dövlət başçısının iradəsi ilə Böyük Qayıdış prosesində proqnozları qabaqladığını göstərir”.

B.Məhərrəmov deyib ki, Böyük Quruculuq öz gücümüz hesabına uğurla davam etdirilir:

“Bu, eyni zamanda həm müharibə dövrü, həm postmüharibə periodunda bizə cəbhə açan güclər, bloklar qarşısında suverenliyimizin, müstəqil milli siyasi iradənin ifadəsidir ki, kimsə Azərbaycanı haqq yolundan döndərə, haqq işinə mane ola bilməz. Bir sözlə, azad Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və bu quruculuğun hər qarışında isə Prezident İlham Əliyevin qətiyyəti, Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti, bundan sonra əsrlərlə yaşayacaq izləri var!”

Zaira Akifqızı
Globalinfo.az