Qarabağda antiterror əməliyyatları haqda şok iddia: “Bu tarixdə başlayacaq…”

Son günlər Ermənistandan Azərbaycanın işğaldan azad edilən ərazilərinə qanunsuz daşımaların aparılması müşahidə edilir. Ermənistan Baş naziri Nikol Paşinyanın bir müddət öncə ölkə parlamentindəki çıxışı fonunda daşımaların artması diqqət çəkir.

Maraqlıdır, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaq ilə bağlı verdiyi bəyanatlar fonunda Qarabağa qanunsuz daşımaların artması nədən xəbər verir? Ermənistan nəyə hazırlaşır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elşən Məcidov deyib ki, Azərbaycan yaxın vaxtlarda Laçında nəzarət buraxılış məntəqəsi quracaq:

“Ermənilər bunu çox yaxşı bilirlər. Onu da bilirlər ki, bu baş verəcəyi təqdirdə artıq Ermənistandan Qarabağa qanunsuz heç nə daşına bilməyəcək. Buna görə də çalışırlar ki, Qarabağa maksimum dərəcədə çox silah daşısınlar.

Məsələ ondadır ki, Azərbaycan köhnə Laçın yolunu, Turşulu-Xəlfəli yolunu nəzarət götürüb. Bundan başqa bir sıra yüksəkliklər də artıq ordumuzun nəzarəti altındadır.

Əslində bütün bu tədbirlər ondan xəbər verir ki, rəsmi Bakı yaxın vaxtlarda antiterror əməliyyatlarına başlayıb, 10 mindən çox qanunsuz silahlı birləşməni tərksilah edəcək. Ermənilər məhz buna görə hazırda Qarabağa ardıcıl qanunsuz daşımaların sayını artırıb”.

Elşən Məcidov 

Politoloq deyib ki, Rusiya Ukraynaya qarşı əks-hücum əməliyyatlarına başladığı vaxt Azərbaycan da Qarabağda antiterror əməliyyatlarına başlayacaq:

“Məsələ ondadır ki, Rusiyanın Ukraynaya növbəti hücuma başlaması həm Kremlin, həm də Qərbin diqqətinin bu regiona yönəlməsi deməkdir. Rəsmi Bakı bu geosiyasi fürsətdən istifadə edib prosesləri bitirmək istəyir.

Rusiya separatçıların varlığının nisbi də olsa qalmasını istədiyi üçün Ermənistandan Qarabağa qanunsuz daşımaların gerçəkləməsinə icazə verir. Lakin bütün bunlar çətin ki, separatçıları xilas etsin”.

Turan Rzayev
Globalinfo.az