Krım körpüsünün partlatdılması ilə bağlı politoloqdan sensasion iddia

 

Rusiya-Ukrayna müharibəsi növbəti ağır mərhələyə keçib. Ötən həftəsonu Krım körpüsünün partladılması Rusiyanı Ukraynaya qarşı sərt addımlar atmağa vadar etdi. Okrtyabrın 10-dan başlayaraq paytaxt Kiyev daxil olmaqla, Ukraynanın bir neçə şəhəri Rusiya tərəfindən intensiv raket atəşinə tutulub. Ölən və yaralananlar var. 

Krım körpüsünün vurulması üçüncü qüvvənin planıdırmı? Müharibənin daha ağır, qəddar mərhələyə keçməsini istəyən qüvvələr bunu təşkil edə bilərmi? İki slavyan ölkəsi arasında başlayan və 8-ci aydır davam edən müharibənin bitməməsi üçün çalışan güclərin olduğu haqda versiyalar irəli sürülür. Mümkündürmü, Qərb bu savaşı daha da qızışdırmaq üçün Krım körpüsünə hücum təşkil etsin?

İkincisi, Rusiya özünü qorumaq və müharibədə ciddi dönüş yaratmaq üçün nüvə hücumuna əl ata bilərmi? Putin cəmi 10-12 gün öncə belə bir variantı istisna etməmişdi.

Əziz Əlibəyli: “Rusiyanın həlledici məqamda nüvə silahından istifadə edəcəyi istisna deyil” 

“Krım körpüsünün partladılması strateji mərhələ idi. Bu mərhələ də Krımın Rusiyanın qırmızı xəttti olması, yəni digər şəhərlərin onun qədər əhəmiyyəti olmamasından ibarətdir. Krım həm də bilavasitə Putinin şəxsi nüfuzunu özündə əks etdirən nüansdır.”

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Əziz Əlibəyli Krım körpüsünün partladılmasının indiki və sonrakı nəticələrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Krım Rusiyanın “qırmızı xətt”i olduğundan, onun körpünün partladılmasına böyük reaksiyası da təsadüfi deyildi:

“Rusiya-Ukrayna arasında münaqişənin də başlanğıcı 2014-cü ildə Krımın ilhaqı ilə başladı. Krıma gedən yolun vurulması da Rusiyanın, şəxsən Putinin Ukrayna siyasəti, onun Krımla bağlı həssaslığının sınanılması idi. Məhz bu baxımdan da Krım körpüsünün partladılmasına Rusiyanın reaksiyasının bu həddə olması gözlənilən idi. Şübhəsiz ki, bunu da Rusiya-Ukrayna arasında müharibənin növbəti mərhələsinə keçid kimi başa düşmək olar. Xüsusən, Rusiyanın yüksək kalibrli raketlər tətbiqi Moskvanın hələ dəhşətli silah arsenalını tam şəkildə istifadə etmədiyini göstərdi. Bu, həm qarşı tərəfə, o cümlədən də Qərbə müharibənin davam eləməsi ilə bağlı mühüm mesaj idi. Bununla yanaşı, referendumla Rusiyaya birləşdirilən ərazilərlə bağlı Rusiyanın hansısa plana sahib olması demək idi. Son hadisələr də bu planın əsas məğzinin dəhşətli nəticələr doğuran həmin yüksək kalibrli raketlərin tətbiq olunmasından xəbər verdi”.

Əziz Əlibəyli Qərbin iki ölkə arasındakı müharibəni daha çox qızışdırmaqdan ötrü Krım körpüsünü vurduğunu istisna etməyib:

“Qərbin Rusiya-Ukrayna arasındakı savaşı qızışdırmaq üçün Krım körpüsünü hücum etməsi dəqiqdir. Çünki bununla bağlı Rusiyanın açıqlamaları var idi. Bu açıqlamalar aldadıcı olmaqla yanaşı, həm də, Rusiyanın tədbirli və ehtiyatlı olduğunu göstərirdi. Qərb də bu mənada Rusiyanı test etmək qərarı aldı. Bu açıqlamalarda əsas nüans nüvə silahının işlədilməsi fikri idi. Amma çoxları Rusiyanın nüvə silahından istifadə edəcəyi fikrini ciddi qarşılamadı. Rusiya bu mövqeyini gücləndirmək üçün Ukraynaya 70 taktiki zərbə endirdi. Bunların da 40-ı raketdən müdafiə sistemi zərərsizləşdirə bildi, qalanları isə Ukrayna üçün çox faciəli nəticələr verdi.
Rusiyanın həlledici məqamda nüvə silahından istifadə edəcəyi çox kritik və olduqca real məsələ olmaqla yanaşı, qaçılmaz olduğunu da istisna etmir”.

İmamət İSMAYILOVA, 

Globalinfo.az