Putinin türk dünyası ilə ittifaq planı: nə baş verir? – ŞƏRH

“Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin rəsmi Moskvaya sanksiyaları və təzyiqləri artıb. Rusiya buna görə Mərkəzi Asiyaya fokuslanıb”.

Bu sözləri Globalinfo.az-a politoloq Samir Hümbətov Qazaxıstan və Rusiya prezidentlərinin Özbəkistanla birgə üçtərəfli qaz ittifaqının yaradılması müzakirəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, həm Qazaxıstan, həm də Özbəkistan ərazisinin böyüklüyü, əhalisinin çoxluğu, ən əsası da təbii sərvətlərinin zənginliyi baxımdan bir çox güc mərkəzlərinin diqqətindədir:

“Hər iki ölkə Mərkəzi Asiya regionuna təsir etmək üçün kritik əhəmiyyətə malikdir. Bundan başqa, hər iki ölkə Çinin “Bir kəmər, Bir yol” layihəsinin keçdiyi coğrafiyada yerləşir.

Kreml bütün bunları bilir və Qərbin sanksiyaları nəticəsində çökən iqtisadiyyatını bu ölkələr hesabına kompensasiya etmək istəyir”.

Samir Hümbətov: “Azərbaycanda da tarixi mövzularda seriallar çəkilməlidir”  | 1news.az | Xəbərlər

Politoloqun sözlərinə görə, Rusiya Türkiyənin, ABŞ-nin, Çinin Mərkəzi Asiyanın türk ölkələri ilə yaxından maraqlandığını yaxşı bilir:

“Dəyişən geosiyasi şərait bu ölkələrə olan diqqəti artırıb. Türkiyə TDT çərçivəsində siyasi olaraq, Çin iqtisadi olaraq region ölkələrinə təsir etmək istəyir. Bundan başqa, ABŞ də son illərdə istər Qazaxıstan, istərsə də Özbəkistan ilə təmasları artırıb.

Rusiya bütün bunları nəzərə alaraq Qazaxıstan və Özbəkistanla birgə üçtərəfli qaz ittifaqının yaradılmasına çalışır. Düzdür, bəzən Rusiyanın Mərkəzi Asiya ölkələri ilə ittifaq yaratmaq səyləri SSRİ-ni qurmaq kimi qiymətləndirilsə də, reallıq ondan ibarətdir ki, SSRİ-nin qurulması mümkün deyil”.

Turan Rzayev
Globainfo.az