Putin Zaporojye və Xerson vilayətlərinin işğalını rəsmiləşdirir, nüvə müharibəsi qapının ağzında

Rusiya Prezidenti Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin “suverenliyi”nin və “müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.

Bu haqda Rusiya mətbuatı və dünya mediası yazıb.

Fərmanda deyilir ki, qərar “BMT Nizamnaməsində təsbit edilmiş “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipini tanıyan və təsdiq edən beynəlxalq hüquq normalarının ümumi qəbul edilmiş prinsip və normalarına uyğun olaraq” və referendumda “xalqın iradəsi” nəzərə alınmaqla qəbul edilib.

Globalinfo.az xatırladır ki, Rusiya bu ilin fevral ayında Ukraynanın şərqində nəzarətə götürdüyü Donetsk və Luqansk vilayətlərində qondarma xalq respublikaları elan edib. Ukrayna müharibəsindən ötən 7 ay müddətində kollektiv Qərbin Rusiyaya qarşı tətbiq etdiyi ağır sanksiyalar Kremlin dayandıra bilməyib. Həmçinin ABŞ-dan, Böyük Britaniyadan, Avropa Birliyi ölkələrindən  Ukraynaya hərbi, maliyyə dəstəyi də rus ordusunun hücumları qarşıında aciq qalıb. Son aylar Rusiya Ukraynada lokal məğlubiyyətlər yaşa da bu, müharibənin dayanmasına və Rusiyanın tam geri çəkilməsinə səbəb olmayıb.

Avropa və ABŞ siyasətçiləri Putini Zaporojye və Xerson vilayətlərinin “suverenliyi”nin tanınması addımından çəkindəriməyə çalışsalar da Rusiya prezidenti heç bir xəbərdarlığa, təhdidə baxmayaraq bu addıma getdi.

Türkiyə Xarici İşlər Nazirliyi “Ukraynanın Rusiyanın nəzarəti altında olan hissələrində birtərəfli referendum keçirmək cəhdlərindən narahatıq” deyə bildirib.

ABŞ prezidenti Co Bayden referendumu Birləşmiş Millətlər Təşkilatı nizamnaməsinin “ciddi şəkildə pozulması” adlandırıb və referendumun nəticələrini tanımayacaqlarını bəyan edib.

Rusiyanın sözügedən bölgələri referendum nəticəsində ilhaq edəcəyi gözlənilsə də, Rusiya rəsmiləri referendumdan sonra Rusiya ərazisi sayılacaq bölgələri müdafiə etmək üçün strateji nüvə silahlarından da istifadə edə biləcəkləri barədə xəbərdarlıq edib. Bu bəyanatı son olaraq prezident Putin də verdi. Onun nüvə hücumu anonsu dünyada ciddi gərginliyə, təşvişə səbəb oldu.