Putin türk liderə seçkilər haqda nə deyib? – Böyük dəyişikliyə doğru

Aprel ayının 30-da Özbəkistanda konstitusiya dəyişiklikləri ilə əlaqədar ümumxalq səsverməsi – referendum keçirildi. Prezidentlik müddəti 5 ildən 7 ilə qaldırıldı. Hazırkı prezident Şavkat Mirziyoyevin əvvəlki müddətləri sıfırlandı. Yeni konstitusiyaya görə, Şavkat Mirziyoyevin prezidentlik səlahiyyətləri bitmiş hesab olundu. Belə ki, o artıq prezident kimi fəaliyyət göstərə bilməz. Amma yenidən seçkiyə gedərək seçilmək hüququnu özündə saxlayır. Ölkənin seçki məcəlləsinə edilən düzəlişlərə görə, seçkilər iki ay müddətinə keçirilməlidir. Bu da 9 iyul 2023-cü ilə təsadüf edir. Köhnə qaydalara əsasən növbəti prezident seçkisi 3,5 il bundan sonra keçirilməli idi.

Şavkat Mirziyoyevin növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında parlamentdə deputatlar qarşısında etdiyi çıxış daxildə olduğu kimi, xarici müşahidəçilər üçün də gözlənilməz oldu. Amma dövlət başçısının bu qərarla bağlı əsaslandırılmış dəlilləri var idi:

– Yeni konstitusiyaya uyğun olaraq hakimiyyətin bütün qollarının yenidən qurulması və onlar arasında münasibətlər sisteminin yenilənməsi. Əsas qanunun dövlət qulluqçuları qarşısında həllinin gecikdirilməsi qəbul edilməyən vəzifələr qoyması.

– Özbək xalqının cəmiyyətin bütün sahələrində təxirəsalınmaz və ciddi reformaları gözləməsi.

– Dünyada çox mürəkkəb ictimai-siyasi proseslər baş verir və bu şəraitdə inkişaf üçün düzgün, effektiv yolun seçilməsinin ciddi, aktual məsələ kimi qarşıya çıxması. Mirziyoyevin sözlərinə görə, Özbəkistan dünyada gedən proseslərdən kənarda qala bilməz və dünya ölkələri içərisində öz inkişaf yolunu tapmalıdır.

– Nəhayət, növbədənkənar seçkilər ölkədə siyasi sabitliyi və gələcək inkişafı qorumaq üçün zəruri şərtdir. Dövlət başçısı əmindir ki, növbədənkənar seçkilər demokratik institutların möhkəmlənməsinə və hakimiyyətin bütün qollarının effektiv işləməsinə zəmin yaradacaq.

Mirziyoyev indi Özbəkistanın siyasi səhnəsində alternativi olmayan  rəhbərdir. Nüfuz və təcrübə baxımdan rəqibi müqabili yoxdur. İki ay müddətinə seçkilərə hazırlaşmaq da heç bir siyasi xadimin bacaracağı iş deyil. Buna görə də Mirziyoyev prezident postuna xalqın da inandığı yeganə namizəd olaraq qalır. Bu yaxınlarda ölkə əhalisinin 84,5 faizinin iştirak etdiyi referendumun nəticələri də deyilənləri sübut edir. Konstitusiya dəyişikliklərinə seçicilərin 90,2 faizi səs verdi. Əleyhinə çıxan isə cəmi 9,35 faiz oldu. İstisna deyil ki, prezident seçkilərinin nəticələri də buna uyğun olacaq. Amma seçkilər nəzərdə tutulduğu kimi 3,5 ildən sonra keçirilsəydi nəticələr belə olacaqdımı? Təbii ki, indiki həssas şəraitdə bunu proqnozlaşdırmaq mümkün deyil.

Prezident seçkiləri bitəndən sonra əhalinin yenidən parlament seçkiləri üçün sandıq başına gələcəkləri istisna olunmur.

Xatırladaq ki, Şavkat Mirziyoyev Özbəkistanın ilk prezidenti İslam Kərimov 2016-cı ildə vəfat etdikdən sonra hakimiyyətə gəlib. Həmin ilin dekabrında keçirilən seçkilər zamanı seçicilərin 88 faizinin səsini alaraq 5 illik prezident seçilib. O, 2021-ci ildə yenidən 80,12 faiz səslə prezident seçilib.

Ekspertlər növbədənkənar seçkinin keçirilməsi qərarının Rusiya Prezidenti Vladimir Putinlə 9 mayda keçirilən görüş zamanı razılaşdırıldığını da istisna etmirlər. Şavkat Mirziyoyev həmin gün Putinin dəvəti ilə faşizm üzərində qələbənin 78-ci ildönümü tədbilərində iştirak etmək üçün Moskvaya dəvət olunmuşdu.

Əlimusa İbrahimov
Politoloq