37c07631 f565 49b4 aa9b 5f65d48a0fc0

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukrayna məsələsində güzəştə getməyə hazır olduğunu bildirib.

Putin ABŞ Prezidenti Donald Trampla Ankoricdə keçirilən görüşündə müzakirə olunan məsələlər üzrə güzəştə hazır olduğunu söyləyib. O, Ukraynanın da buna hazır olmasının vacibliyini qeyd edib.

Rusiya Prezidentinin qeyd etdiyi güzəşt nədir? Kiyevin yanaşması necə olacaq?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Tramp və Putin arasında Ankoricdə baş tutan görüşün detalları hələ də tam məlum deyil:

“Buna baxmayaraq, görüşdə müzakirə olunan məsələlərlə bağlı müxtəlif iddialar səsləndirilir. Putin, Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin mətbuata verdikləri açıqlamalardan belə qənaətə gəlmək olar ki, Moskva Kiyevin geri çəkilməsini və müəyyən ərazilərin Rusiyaya verilməsini istəyir. Xüsusilə Donbas və Luqansk məsələsində Kreml kompromisə açıq görünmür.

Digər mühüm məsələ isə Ukraynanın neytral statusudur. Moskva Kiyevin NATO və digər Qərb institutlarına qoşulmasını qəbul etmir. Əgər bu güzəştlərə gedilərsə, Rusiya münaqişənin dondurulmasına razı ola bilər.

Lakin bu gün Ukraynanın güzəşt məsələsinə müsbət yanaşmadığı məlumdur. Hər hansı ərazinin Moskvaya güzəşt edilməsindən söhbət belə gedə bilməz. Bunu Zelenskinin bəyanatlarından da görmək mümkündür.

ramiye 61595692989
Ramiyə Məmmədova

Politoloq bildirib ki, Rusiya açıq şəkildə qəbul edilməsi çətin olan şərtlər irəli sürür:

“Buna görə də Moskva, əslində, yeni və qeyri-adi heç nə təklif etmir. O, əvvəldən irəli sürdüyü tələblərə sadiq qalır. Güzəşt kimi təqdim edilən məqamlar isə diktə xarakteri daşıyır.

Hesab edirəm ki, bu şərtlər altında sülhdən danışmaq çətindir. Tərəflər hazırda güzəştə getmək istəmirlər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: