Putin “ən gizli silahını” aktivləşdirdi: məşhur separatçı meydana çıxır

Son zamanlar Vladimir Putinin keçmiş müşaviri Vladislav Surkov Ukrayna məsələsində aktivləşib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Rusiyanın Teleqram kanalları yayıb.

Surkov bu işdə xüsusilə Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Dmitri Kozak ilə aktiv formada çalışır. Belə ki, hər iki siyasətçinin Ukrayna Prezidenti Vladimir Zelenskiyə alternativin tapılması layihəsi üzərində işlədiyi vurğulanıb. Buna görə də Moskvanın yenidən Putinin ən yaxın adamı sayılan ukraynalı siyasətçi Viktor Medvedçukun təbliğatını gücləndirmək planlarını nəzərdən keçirdiyi bildirilib:

“Kozakla Surkovun hədəfi Ukrayna elitasını parçalayaraq, onların arasında etimadsızlıq toxumu əkməkdən ibarətdir. Layihənin həyata keçirilməsi qabiliyyəti azdır, çünki Medvedçuk ölü fiqurdur. Lakin Surkovun əsas məqsədi ən yaxşı bacardığı iş xaos yaratmaqdır”.

Bununla belə, Surkovun yenidən siyasətə dönmək planlarını nəzərdən keçirdiyi deyilir.

Qeyd edək ki, Surkov milliyyətcə abxazdır. O, Rusiyanın Ukraynada yaratmaq istədiyi “Novorossiya” layihəsinin əsas müəllifi və icraçısı olub. Donbas müharibəsindən bir qədər sonra istefaya göndərilməsinə baxmayaraq, Kremldə hələ də nüfuzu qalıb. Surkov həm də Rusiyanın millətçi qrupları tərəfindən aktiv dəstəklənir.

İlkin Həsənov
Globalinfo.az