ABŞ Prezidenti Donald Tramp 11 sentyabrla bağlı məxfi sənədləri açıqlamaq istəyir. Bu barədə Tramp İrlandiyadan ABŞ-a yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Geri qayıdanda buna baxacağam. Bu məsələ ilə bağlı mənə müraciət edildiyini bilirəm. Qayıtdıqdan sonra araşdıracağam”, – deyə ABŞ lideri bildirib.
İllərdir 11 sentyabr terrorunun ABŞ-ın “dərin dövləti” və gizli xidmətləri tərəfindən törədildiyinə dair iddialar səslənir.
Sənədlər açıqlansa, dünya hansı sürprizlə üzləşəcək?
Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə bildirib ki, dünyaya mütəmadi olaraq məxfi sənədlər sızdırılır:
“Məsələn, 4 P – Panama (2016), “Paradise” (2017), “Pandora” (2021) qlobal maliyyə əməliyyatları, “Pegasus” (2021) ABŞ-ın casus proqramı ilə bağlı sızmalar, yaxud ABŞ-ın müharibə əməliyyatları, yol verdiyi qanunsuzluqlar və ya səhvlərlə bağlı sənədlər – Çelsi Manninq və Edvard Snoudenin sənədləri, yaxud Culian Assanjın yaratdığı “WikiLeaks” platformasında üzə çıxan materiallar. Bütün bunlar Amerika siyasətinin gizli tərəfləri barədə bizə müəyyən görüntü parçaları təqdim edir. Lakin tam mənzərə, təbii ki, heç vaxt ictimaiyyətə açıq olmayacaq.
Məsələn, “WikiLeaks”də 11 sentyabr hadisəsi və ABŞ-ın “Əl-Qaidə” ilə əlaqəsi barədə materiallar var. Amma vacib məqam budur ki, hətta bu materiallarda da “ABŞ hökuməti 11 sentyabr hücumunu təşkil edib” tezisi birbaşa irəli sürülmür. Əksinə, məsələn, Pakistan xarici işlər naziri Rabbaninin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə “Əl-Qaidə” arasındakı “intelligence link” (kəşfiyyat əlaqəsi) barədə açıqlaması yer alır ki, bu da siyasi bəyanatdır, sübut yox.

Şəhla Cəlilzadə
Bununla belə, ABŞ kəşfiyyatının əvvəlcədən hücum barədə məlumatlı olduğu dövlət sənədlərində, o cümlədən 9/11 Komissiyasının sənədlərində əks olunur. Lakin hadisənin təşkili ilə bağlı müxtəlif iddialar var və bunlar arasında Səudiyyə Ərəbistanının rolu məsələsi də yer alır.
Yaxın günlərdə terror hadisəsinin 25 ili tamam oldu və bu fonda hadisə ilə bağlı CIA sənədlərinin deklasifikasiya edilməsi mövzunu yenidən aktuallaşdırdı. Tramp hadisənin qurbanlarına daha dolğun məlumat veriləcəyini və hadisəni törədənlərin Səudiyyə Ərəbistanı ilə əlaqəsini açıqlayacağını bəyan etdi. Halbuki ötən 25 il ərzində Səudiyyə Ərəbistanının institusional qaydada “Əl-Qaidə”ni maliyyələşdirməsinə dair tutarlı bir sübut tapılmayıb. Beləliklə, sensasion açıqlamalar Trampın siyasi təbiətinə xas olsa da, 11 sentyabrla bağlı belə bir “sürpriz” gözləməyə gərək yoxdur”.
Turan Rzayev
Globalinfo.az