Pulsuz qalan Qarabağ separatçılarına Şahramyanın yalan vədləri… – ŞƏRH

“Qarabağ separatçıları 35 il ərzində Ermənistanın büdcəsi və erməni lobbisinin ianələri hesabına kef çəkib, maaşlarını alıb, göndərilən pulun bir qismini şəxsi məqsədlər üçün istifadə ediblər. İndi bunların heç biri yoxdur. Azərbaycan torpaqlarını azad etdikdən və ermənilər bölgəni tərk etdikdən sonra Ermənistan hökuməti və erməni lobbisi İrəvanda qərarlaşan separatçılara maaş verməkdən imtina edib. Buna görə də keçmişdə Qarabağda “dövlət idarələrində” çalışanlar separatçıların İrəvandakı “nümayəndəliyi” qarşısında etiraz ediblər”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, özü qeyri-müəyyən vəziyyətdə olan Samvel Şahramyan etirazçılara boş vədlər verib:

“Etirazçıların qarşılarına çıxan separatçıların sonuncu “lideri” Samvel Şahramanyan keçmiş tərəfdarlarını sakitliyə çağırıb, onların problemləri ilə məşğul olacağını vəd edib. Boş sözlərdir. Samvel Şahramyanın özü İrəvanda qeyri-müəyyən vəziyyətdədir. Ermənistanın Baş naziri Nikol Paşinyan da onunla görüşmək istəmir. Bu vəziyyətdə Samvel Şahramanyan Qarabağ ermənilərinin hansı problemini həll edə bilər? Paşinyanın mövqeyi belədir ki, havayı maaş dövrü arxada qalıb, bölgənin tamamı Azərbaycanın nəzarətinə keçib, bu səbəbdən Ermənistana köçən Qarabağ erməniləri, o cümlədən separatçıların “məmurları” və “deputatları” hamı kimi Ermənistanda özlərinə iş tapıb çalışmalıdırlar. Erməni lobbisi də Qarabağı tərk edən ermənilərə pul vermək istəyində deyil”.

Elxan Şahinoğlu 

E.Şahinoğlu Samvel Şahramanyanın “Artsaxın ləğvi qərarından imtina edirəm” səpgili açıqlamasına da münasibət bildirib. O, vurğulayıb ki, bundan narahat olmağa dəyməz:

“Birincisi, guya Samvel Şahramanyan Xankəndidə ləğv qərarı verməsəydi, bu bizim işimizi çətinləşdirəcəkdi? Əsla! Hədəfimiz bəlli idi. Digər tərəfdən biz onsuz da separatçıları tanımırdıq və onların qərarları da bizim üçün heç nədir, sadəcə ləğv qərarı onların Azərbaycana qarşı gələcək iddialarını əsassız edirdi. Samvel Şahramanyan ona hücum edən Qarabağ ermənilərini sakitləşdirmək üçün tələsik “ləğv qərarından imtina edirəm” deyib.

İkincisi, ləğvdən “imtinanın” heç bir siyasi və hüquqi çəkisi yoxdur.

Üçüncüsü, özlərini çətinə salacaqlar, “ləğv qərarından imtina edirlərsə”, biz də Qərbi Zəngəzura iddiamızı gücləndirəcəyik, mühacir hökuməti və parlamenti formalaşdıracağıq. Qərbi Zəngəzur mövzusu isə ermənilərin ən böyük qorxusudur”.