Rusiya və Gürcüstan arasında birbaşa dialoq bərpa olunub. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Belarusda Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili ilə görüşüb.
Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, tərəflər iki ölkə arasında münasibətlərin gələcək inkişafı naminə əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Tbilisi və Moskva arasında buzlar əriyir? İki ölkə arasında dialoqun bərpasına təkan verən hansı amillər var? Qafqaz regionunu nələr gözləyir?
Globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyətdən getməsindən sonra Bidzina İvanişvilinin rəhbərlik etdiyi hakimiyyət Rusiya ilə müəyyən əlaqələr saxlayıb və dialoq kanallarını açıq tutub:
“İlk vaxtlarda açıq dialoqa başlamaq Gürcüstan hakimiyyəti üçün müəyyən problemlər yarada bilərdi. Çünki Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal altında saxlayır. Bununla belə, tərəflər arasında qeyri-rəsmi təmaslar davam edib. İvanişvilinin hakimiyyəti dövründə iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb, Rusiya vətəndaşlarının Gürcüstana turist səfərləri intensivləşib.

Elxan Şahinoğlu
Bir müddət fasilə verilən dialoqa Rusiya indi yenidən başlayıb. Hesab edirəm ki, bu, müəyyən siyasi gedişdir. Ukraynada davam edən müharibə fonunda Rusiya bəzi ölkələrlə münasibətlərini yaxşılaşdırmağa çalışır. Digər tərəfdən, Moskva görür ki, Tbilisi ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə problemlər yaşayır. Ona görə də indi Gürcüstana yaxınlaşmağa çalışır”.
Turan Rzayev
Globalinfo.az