Prezidentin səfəri: Bağlı qapılar arxasında Ərdoğanla bunlar müzakirə edilib

Fevralın 25-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Görüş çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və daha da dərinləşdirilməsi məsələləri müzakirə edilib.

Səfərlə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov görüşdə bir neçə diqqət edilməli məqamın olduğunu bildirib:

“Türkiyədə zəlzədən sonra dağıntıların olduğu ərazilərdə yenidənqurma işlərinə başlanılıb. Bu, Azərbaycan Prezidentinin prosesdə Türkiyəyə dəstəyinin göstəricisi kimi də qiymətləndirilə bilər. Fəlakətin ilk saatlarından Azərbaycan qardaş ölkənin yanında olduğunu bildirdi, hazırda da bu dəstəyi davam etdirir”.

S.Hümbətov qeyd edib ki, Azərbaycan Prezidentinin Münxendə iştirakı ilə bağlı detallar da müzakirəyə daxildir:

“Zəlzələ zamanı Türkiyə ilə Ermənistanın yaxınlaşmasına rəvac verəcək bəzi addımların atılmasının, əlbəttə ki, Türkiyə və Azərbaycan arasında müzakirədən keçdiyini deyə bilərik. Şübhəsiz ki, görüşün müzakirə mövzularından biri də bu olub.

Eyni zamanda, hesab edirəm, Münxendə keçirilən görüşdə Azərbaycan Prezidentinin İraq Kürd Muxtar Vilayətinin rəhbəri Neçirvan Bərzani ilə bir araya gəlməsi də müzakirənin gündəliyinin bir parçası ola bilər.

Azərbaycan və Türkiyə arasında əməkdaşlığın genişləndirilməsi, bəzi regional məsələlərlə bağlı xeyli suallar var. Bu suallara cavab üçün sözügedən görüş çərçivəsində birgə müzakirənin əhəmiyyətli idi”.

Ayşən Mustafa
Globalinfo.az