“Estoniya Cənubi Qafqazda mövqeyini və iştirakını genişləndirmək niyyətindədir. Bakı ilə Tallin arasında son dövrdə əlaqələrin inkişafı, Azərbaycanın enerji potensialı, eləcə də Şərq-Qərb və Orta Dəhliz layihələri bu əməkdaşlıq üçün yeni imkanlar yaradır”.
Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Globalinfo.az-ın əməkdaşının sualına cavabında deyib.
O bildirib ki, son bir il yarım ərzində iki ölkə arasında münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edib. Nazir özəl sektor şirkətlərinin fəallığının və dövlətlərarası əlaqələrin dinamikasının ortaq maraqların mövcudluğunu göstərdiyini vurğulayıb.
Marqus Tsahkna Azərbaycanın enerji sahəsindəki təcrübəsinin, Şərq-Qərb və Orta Dəhliz layihələrinin, həmçinin regionda normallaşma prosesinin böyük perspektivlər vəd etdiyini qeyd edib.
Tsahkna əlavə edib ki, Prezident İlham Əliyevlə görüşündə qlobal təhlükəsizliklə bağlı narahatlıqlar da müzakirə olunub.
Zaira Akifqızı
Globalinfo.az