Prezident: “Bu, tarixi fürsətdir”

“Beynəlxalq bazarlarda təbii qaza olan böyük tələbatı nəzərə alsaq, bu, düşünürəm ki, əsl vaxtında olacaq. Əlbəttə ki, potensialımıza dair böyük gözləntilər var. Biz həmişə bilirdik bizim nə qədər ehtiyatımız var. Ümid edirəm ki, qazmaya başlayanda “Azəri-Çıraq-Günəşli”də olduğu kimi, bu yataq da böyüyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirakı zamanı “Şahdəniz”də dərində qazma işlərinin aparılmasına münasibət bildirərkən deyib.

“Praktik nəticələr ilkin proqnozdan ən azı iki dəfə artıq oldu. Bütün infrastrukturun, daşıma infrastrukturunun hazır olduğunu nəzərə alaraq hesab edirəm ki, mümkün olduğu qədər çox hasil etmək üçün səy göstərmək baxımından, Azərbaycan xalqına və beynəlxalq tərəfdaşlarımıza xidmət göstərmək üçün bu, həqiqətən də tarixi fürsətdir”, – dövlət başçısı vurğulayıb.