“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Dəyişikliyə əsasən, Ədliyyə Nazirliyi siyasi partiyaların fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunu öyrənmək səlahiyyətini itirir.
Bununla belə, Əsasnaməyə edilən əlavəyə görə, nazirliyə “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsi verilir.
Dəyişikliyə əsasən, Ədliyyə Nazirliyi, həmçinin “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda siyasi partiyaya münasibətdə məlumatları nəzərdən keçirmək, araşdırma aparmaq, izahat almaq, yazılı xəbərdarlıq etmək və digər tədbirlər görmək kimi hüquqlara malikdir.
X X X
Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı hərbi kolleclərdə peşəkar gizir miçman heyəti hazırlanacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə imzaladığı Fərmanda qeyd olunub.
Fərmana əsasən, 2024–2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir miçman kimi həqiqi hərbi xidmət keçdikdən sonra yaşayış sahəsinin alınması üçün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən istifadə etdikdə müvafiq yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
X X X
Prezident İlham Əliyev “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası”nı təsdiq edib.
Globalinfo.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb, eləcə də bəzi fərmanlarında dəyişiklik edib.
Məsələn, Prezidentin 1 may 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də edilmiş dəyişikliklərə əsasən, Müdafiə Nazirliyi hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi üzrə Nazirlik aşağıdakı istifadə imkanlarına malikdir:
– maliyyə dəstəyi göstərilməsi üçün tələb olunan məlumatları almaq;
– maliyyə dəstəyi göstərilməsinə dair müvafiq qərar qəbul edildiyi gün bunu ipoteka krediti almaq istəyən şəxsə bildirmək;
– maliyyə dəstəyi göstərilməsi dayandırıldıqda, yaxud yenidən bərpa edildikdə İpoteka və Kredit Zəmanət Fonduna, eləcə də müvəkkil banka məlumat vermək;
– elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.
Maliyyə Nazirliyi Müdafiə Nazirliyinin təklifləri əsasında təsdiq edilən Qaydada nəzərdə tutulmuş maliyyə dəstəyi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmasını və Müdafiə Nazirliyinə ayrılmasını təmin etməli, Qaydada nəzərdə tutulmuş hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditinin maliyyələşdirilməsi məqsədilə İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün müvafiq illərdə dövlət büdcəsindən vəsait ayrılması ilə bağlı tədbirlər görməlidir. Fond isə fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.