rehim cahandar

Xəbər verdiyimiz kimi, Turan Partiyasının sədri Cahandar Bayoğlunun “Reaksiya” TV-də Zaur Qəriboğlunun verilişində səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O iddia edib ki, illər əvvəl keçmiş müdafiə naziri Rəhim Qazıyev və siyasətçi Nemət Pənahlının İrana getməkdə məqsədləri sonradan oradan “ayətullah” kimi qayıtmaq olub.

Rəhim Qazıyev isə Globalinfo.az-a açıqlamasında bu iddiaları təkzib edərək Cahandar Bayoğlunun dediklərini “cəfəngiyat” adlandırıb. O, həmçinin Bayoğlunu cəbhə bölgəsinə getməməkdə ittiham edib.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Cahandar Bayoğlu bildirib ki, əgər həmin dövrdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə hakimiyyəti öz üzərinə götürsəydi, onun ətrafındakı qüvvələr İranda olduğu kimi “Vilayəti-fəqih” modelinə bənzər dini-siyasi idarəetmə sistemi qurmağa çalışardılar:

“Deyirlər ki, belə bir şey olmayıb. O zaman sual verirəm: İrana niyə getmişdiniz? Cavab verirlər ki, guya onları aldadaraq göndəriblər. Amma eyni zamanda deyirlər ki, qızıl da veriblər. Əgər sizi göndəriblərsə, deməli, könüllü, müəyyən tapşırıq əsasında getmisiniz. Burada anlaşılmayacaq nə var? “Vilayəti-fəqih” anlayışı İran İslam Respublikasının dini-siyasi idarəetmə modelidir. Ayətullah Xamenei bu konsepsiyanı hələ 1970-ci illərdə işləyib hazırlayıb, sonradan isə İranda həmin model əsasında dövlət qurulub. Mənim müqayisəm də yalnız bu siyasi modelə aiddir. Mən bu adamların fəaliyyətini kifayət qədər araşdırmışam. Dəfələrlə demişəm, istəyirlərsə, gəlsinlər, üz-üzə müzakirə edək. Amma buna cəsarət etmirlər. Rəhim Qazıyev deyir ki, Cahandar Bayoğlu kim olub. Mən Qazıyevin Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinə namizədliyini irəli sürən adamam. Demişik ki, müəllimdir, ziyalıdır. Onu əlindən tutub siyasətə gətirən şəxsəm!”.

Partiya sədri Rəhim Qazıyevə qarşı çıxmasının səbəbini isə belə izah edib:

“Azərbaycana qarşı fəaliyyət göstərdiyi üçün ona qarşı çıxmışam. Rəhim Qazıyev və Nemət Pənahlı 20 Yanvar hadisələri ərəfəsində sovet-partiya rəhbərlərindən biri olan Viktor Polyaniçko ilə oyuna girdilər. Onlar ölkəni xaosa sürükləyərək Azərbaycanı idarəolunmaz vəziyyətə gətirmək istəyirdilər. Bundan sonra Şuşa hadisələri, sonrakı dövrdə baş verən hərbi uğursuzluqlar, Moskva ilə əməkdaşlıq edərək Elçibəy hakimiyyətinin devrilməsində rol oynaması, Surət Hüseynovla birlikdə hərəkət etməsi məni ona qarşı çıxmağa vadar etdi. O, Vətənə xəyanət edən adamdır. Faktlar və əməlləri ortadadır. Digər məsələ isə budur ki, mən Rəhim Qazıyev müdafiə naziri olduğu dövrdə Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyində olmuşam. Deyir ki, niyə cəbhədə olmamışam. Əgər mən cəbhə bölgəsində olmalı idimsə, elə müdafiə naziri olardım. Qazıyevi də Azərbaycandan çıxarar və ya həbs edərdim. O zaman bu gün bu fikirləri səsləndirmək imkanı olmazdı”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: