Polşadan Ukraynaya gözlənilməz zərbə – “Döyüşə” fermerlər gedir

Polşa-Ukrayna sərhədindəki Medyka-Şeqini keçid məntəqəsi yenidən polşalı fermerlər tərəfindən bağlanıb. 800-ə yaxın yük maşını Ukraynaya daxil olmaq üçün gözləyir.

Ümumiyyətlə 2023-cü ilin ikinci yarısından etibarən Ukrayna və Polşa arasında gərginlik hökm sürür. Varşava və Kiyev arasındakı gərginlik daxili auditoriyaya da sirayət edib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kamran Sultanlı deyib ki, Ukrayna və Polşa arasında münasibətlərin pisləşməsinə səbəb münasibətlərin özünün paretto optimallığına çatmasına görədir:

“İqtisadiyyatda olan bu termin bir dövlətin maraqlarının təmini, digər dövlətin maraqlarına toxunursa artıq əməkdaşlıq mümkün olmur. Başqa tərəfdən Ukraynanın Aİ-yə üzvlüklə bağlı danışıqlara başlanılmasına nə qədər qərar verilsə belə Ukrayna kənd təsərrüfatı ixracatçısı və ən böyük istehsalçısıdır.

Aİ daxilində Niderland, Polşa kimi kənd təsərrüfatı sahəsində ixtisaslaşmış ölkələrə potensial rəqibdir. Polşa və Ukrayna arasında baş verənlər qamçı və kökə siyasətinə bənzəyir. Bir tərəfdən Polşa Rusiyanın qalib gəlməməsi və birbaşa Polşa ilə sərhədə malik olmaması üçün Ukraynaya dəstəyə davam edir. Amma digər tərəfdən Ukrayna ilə iqtisadi rəqabəti də davam etdirir.

Polşa daxilində müxalifət və iqtidar arasında ciddi rəqabət və amansız mübarizə gedir. Bu baxımdan seçicilərin dəstəyi həyatidir. Polşalı fermerlər həm Polşada ən böyük sahibkar qrupu və ən əsası vergi ödəyəcisidir. Onların dəstəyini itirmək siyasətçilər üçün olduqca çətindir. Hətta yeni hökumətlə Ukrayna arasında müəyyən anlaşma təmin olunsa belə fermerlər və aqro istehsalçılar buna qarşı kəskin etiraz etdilər. Uzun fasilədən sonra iqtidara geri dönən müxalifət yenidən hakim komanda əlinə bəhanə vermək istəmir və buna görə də bu mövzuda Ukrayna ilə rəqabətə davam edir.

Hesab edirəm ki, Polşa təhlükəsizlik məsələsində Ukraynaya dəstəyə davam edəcək. Amma iqtisadi məsələlərdə Polşa hökuməti öz maraqlarından imtina etməyəcək. Unutmayaq ki, dövlətlər hər şeydən öncə bir rəqibdir və öz maraqları hər şeydən üstündür”.

Turan Rzayev
Globalinfo.az