Polisin “qazsıxma əməliyyatı” görün hansı tarixdə edildi – Sensasion/ VİDEO

12:40

Türkiyədə tez-tez işlədilən bir ifadə var. Kimsə haqsızlığa, özbaşınalığa məruz qalanda belə deyir: “Dağbaşımı burası?!” Dünən Gədəbəyin dağlarındakı məlum hadisəni izləyəndə bu ifadəni xatırladım. Türkiyədə “dağbaşımı burası?!” sözləri qanundankənar rəftara etirazın bir formasıdır.

Dövlət dünən dağ başında idi. Ora qanunsuzluq etmək üçün çıxmamışdı. Əksinə, polislərin vasitəsilə asayişi qorumaq, qanuna keşik çəkmək üçün o ünvanda qərarlaşmışdı. Məqsəd toqquşmanın baş verməsinin qarşısını almaq, hadisəni lokallaşdırmaq, mümkün olarsa, qarşısını tam almaq olub. Polisin gündəlik iş rejimi budur. Amma bəzən heç də proseslər dövlətin istədiyi, xalqın arzuladığı kimi getmir. Necə ki, dünən belə oldu. Bizim qanun keşikçiləri olan bəzi polislər dövləti çətin duruma saldı.

Vətəndaşın etiraz etmək, aksiya keçirmək haqqı konstitusiya ilə təmin edilir. Proseslər nəzarətdən çıxanda isə işə polis qarışır. Bu da konstitusiya müddəasıdır. Təəssüf ki, bu işəqarışmanın sonu belə bitdi. Bir-iki epizod ölkədə ictimai gərginliyi pik həddə çatdırdı.

Burada bir məsələ diqqətimizi çəkdi. Polisin qadına qazsıxma videosu Vilayət Eyvazovun nazir təyin edildiyi günə (20.06.2019) təsadüf (?) etdi. Bu, təsadüfdürmü? Mesajdırmı? Təxribatdırmı?

Müqayisə qüsurlu olsa da, yazmaqda fayda var: Azərbaycan xüsusi xidmət orqanlarının yaradıldığı gün də DTX-yə qarşı ardıcıl təxribatlar olub. O təxribatlardan biri video idi…

Vilayət Eyvazov Prezidentin uğurlu kadrlarındandır. İşinin peşəkarıdır. Milli adamdır. Dövlət qarşısında xidmətləri çoxdur. Bu xidmətlərin əksəriyyəti ictimaiyyətə açıqlanmayıb. O, polisin obrazına xələl gəlməsini istəmədiyi kimi, polisin də səlahiyyətlərindən sui-istifadə edib, vətəndaşı incitməsinin qarşısının alınması üçün əlindən gələni edib. Balans hər zaman qorunub.

DİN-in media və bütövlükdə ictimaiyyətlə əlaqələrinin yüksək həddə çatdırılması da məhz Vilayət Eyvazovun xidmətlərindən biridir. Nazirliyin mətbuat xidməti 7/24 onlayn rejimdə çalışır.

Bir polisin kobud rəftarı bütün bunları bir anın içində kölgələyir. O qaz təkcə vətəndaşa sıxılmayıb. Həm də DİN-in nüfuzuna sıxılıb.

Prezident işğaldan azad edilən ərazilərə səfərində insanlarla necə mehriban və səmimi olur, hamımız görürük. Başqa bölgələrdə də eyni mənzərə, eyni rəftar təkrarlanır. Vətəndaş öz dövlətinin başçısına yaxınlaşıb, ona ürəyini aça, sözünü deyə bilməkdə sərbəstdir. Prezident vətəndaşa qucaq açır, insanlar öz doğması kimi ona sarılır, selfi çəkdirir, söhbət edir, arzusunu söyləyir, duasını edir. Laçında olanda yaşlı qadının İlham Əliyevlə görüşünü əks etdirən fotoya mən belə şəkilaltı yazmışdım: Dövlət və Vətən.

Dövlət bəzən Ananı (Vətəni) nadan və nankor övladdan qorumaq üçün sərt tədbirlərə əl atır. İnanırıq, bu dəfə də belə olacaq. Anaya (Vətənə) qaz sıxan, onun gözünün nurunu, nəfəsini kəsən o övlad (polis) layiqli cəzasını alacaq.

Bəziləri boş-boş danışır, deyir, polis cəzalansa, sabah asayişi qorumayacaq. Vətən kimi analar küssə necə olacaq bəs? Onların könlünü almaq uğruna hər şeyə hazır olmalıyıq.

Ətraflı videoda:

Azər Ayxan
Globalinfo.az