Pensiya Fondunun 6 milyard büdcəsi ətrafında narahat müzakirələr: şəffaflıq necə təmin ediləcək?

Milli Məclisdə Azərbaycanın 2023-cü ildəki dövlət büdcəsinin müzakirələri davam edir. Dünən parlament Dövlət Sosial Müdafiə Fondunun büdcəsini müzakirə və qəbul edib. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə əsasən, gələn il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 6 milyard 263,97 milyon manat, xərcləri 6 milyard  263,97 milyon manat proqnozlaşdırılır.

2023-cü ildə Fondun gəlirləri 2022-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən (2022-ci ilin əvvəlinə fondun xəzinə hesablarında qalmış 570, 07 milyon manat maliyyə ehtiyatları nəzərə alınmadan) 657, 70 milyon manat və ya 11,73 faiz çoxdur. Fondun 2023-cü il üzrə məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərinin həcminin 4 milyard 783, 6 milyon manat və ya ümumi gəlirlərin 76,37 faizi qədər təşkil edəcəyi proqnozlaşdırılır. Bu da 2022-ci ilin təsdiqlənmiş proqnoz məbləği göstəricisi ilə müqayisədə 9,67 faiz və ya 421,9 milyon manat çoxdur.

2023-cü ildə Fonda dövlət büdcəsindən ayrılmaların (transfertin) 1 milyard 467,77 milyon manat olması nəzərdə tutulur ki, bu da 2022-ci ilin təsdiq olunmuş proqnozundan 235,80 milyon manat və ya 19,4 faiz çoxdur.

Pensiya Fondunun gələn ilki xərcləri 2022-ci ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən 657,7 milyon manat və ya 11,73 faiz çoxdur. Növbəti il üçün fondun balanslaşdırılmamış büdcəsi isə 7 milyard 204,15 milyon manat və ya proqnozlaşdırılmış xərclərdən 980,68 milyon manat çox hesablanıb.

Milli Məclisdəki müzakirələr zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Komitə adından DSMF-nin büdcəsi ilə bağlı irəli sürülən təklifləri açıqlayıb: “Əmək və sosial siyasət komitəsi tərəfindən yaşayış minimumunun və ehtiyac meyarının 246 manata qaldırılması ilə əlaqədar olaraq minimum məbləğdə pensiya alanların sosial rifahının qorunması məqsədi ilə pensiyaların minimum məbləğinin də artırılmasının nəzərdə tutulması təklif edilir. Bundan əlavə, DSMF-nin fəaliyyəti üzrə iqtisadi fəallığının daha da artırılması, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımıza göstərilən xidmətin dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə komitənin bir sıra təklifləri var. Bunlar aşağıdakılardır:

– DSMF-nin sərbəst vəsaitlərinin idarə olunan kapitala çevrilməsi, fondun maliyyə imkanlarının genişləndirilməsi məqsədilə müxtəlif investisiya layihələrində iştirakının təmin edilməsi üçün müvafiq normativ-hüquqi bazanın yaradılması;

– Şəhid ailəsi üzvlərinin və qazilərin ölkə daxilindəki bütün sanator-kurort müəssisələrində bərpa-müalicə keçməsinin təmin edilməsi məqsədilə Azərbaycan Həmkarlar İttifaqı Komitəsi ilə işgüzar əlaqələrin daha da genişləndirilməsi;

– Üç və daha çox uşaq böyütmüş anaların pensiya təminatı hüququnun əldə edilməsi şərtlərinin yumşaldılması;

– Dövlət büdcəsi ilə yanaşı DSMF və İşsizlikdən Sığorta Fondunun büdcəsinin icrası barədə hesabatın Qanunla təsdiq olunması və Milli Məclisə təqdim edilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilməsi”.

Hesablama Palatasının DSMF-nin 2023-cü il büdcəsinə dair rəyində bir sıra irad və təkliflər yer alıb. Rəydə qeyd olunur ki, Fondun növbəti il üçün əhaliyə ödənişlər üzrə xərclərində müavinətlərlə bağlı xərclər hüquqi aktların müəyyən etdiyi istiqamətlər üzrə proqnozlaşdırılsa da, əmək pensiyalarının istiqamətləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğun nəzərdə tutulmayıb ki, bu da vəsaitlərin “vəsait-nəticə” uyğunluğunun müəyyənləşdirilməsi və qiymətləndirilməsi imkanlarını məhdudlaşdırır”.

Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunu büdcə sisteminə daxil olan büdcələr üzrə bir sıra tənzimləmələri özündə saxlayır. Lakin Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin büdcə sisteminə daxil olmaması bu tənzimləmələrin Fondun büdcəsinə münasibətdə tətbiqinə şərait yaratmır. Vüqar Gülməmmədov deyib ki, qanunda növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla təsdiq olunan əsas göstəricilərlə bağlı xüsusi maddə olsa da, büdcədənkənar dövlət fondlarının büdcə qanunları ilə bağlı belə tələb yoxdur: “Artıq uzun illərdir ki, fondun büdcəsi eyni formatda tərtib edilir və bəzi istiqamətlər üzrə fəaliyyətlər bu qanunda əks etdirilmir. Xüsusilə qalıqların istifadəsi və dövlət öhdəliklərinin məbləği ilə bağlı hər hansı bir məlumat layihəyə, o cümlədən izahata daxil olunmayıb. Təqdim edilən qanun layihəsində DSMF-nin hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilməsi ilə bağlı maddə var. Lakin diqqətdə saxlamaq lazımdır ki, hesabda qalan vəsaitin formalaşması səbəbinin nə olmasından asılı olmayaraq bu vəsait dövlətin uzunmüddətli öhdəliyidir. İstər proqnozların dəqiq tərtib edilməməsi, istərsə də, iqtisadiyyatın şəffaflaşmasından və inzibatçılığın gücləndirilməsindən gəlirlərin artıq və ya xərclərin az icra edilməsi nəticəsində yaransa da, formalaşan qalıq məbləği vətəndaşın sosial sığorta hadisəsi müqabilində ödəniş almaq üçün ödənilən haqların məcmusudur. Bu vəsaitin cari dövrdə digər istiqamətə yönəldilməsi haqq-öhdəlik zəncirinin qırılması ilə Fondun, deməli, dövlətin yeni öhdəliklərinin yaranmasına gətirib çıxara bilər. Cari ilin sonuna qalıqların 1,0 milyard manatdan yuxarı həddə olacağı gözlənilir ki, bu da növbəti il üçün proqnozlaşdırılan məcmu gəlirlərin 17,1 faizi həcmindədir. Fondun ilin əvvəlinə xəzinə hesabında qalığının növbəti ildə xərclərin maliyyələşdirilməsinə yönəldildiyini diqqətə alaraq Hesablama Palatası Fondun gələcək dövrdə maliyyə dayanıqlılığının təmin olunması məqsədilə dövlət öhdəliyinin dəqiqləşdirilməsi şərti ilə sığorta ehtiyatı kimi istifadəsi ilə bağlı hüquqi tənzimlənmənin yaradılmasına zərurət olması qənaətindədir. Hesablama Palatası dövlət büdcəsində olduğu kimi, büdcədənkənar dövlət fondlarının büdcə layihələrini müşayiət edən sənədlərin çeşidinin artırılması, həmin sənədlərin məzmununa tələblərin müəyyən edilməsi tərəfdarıdır. Cari büdcə zərfinə əlavə edilən izahatın məzmunu və həcmi büdcə barədə ətraflı araşdırmaların aparılmasına tam imkan vermir. Qarşılıqlı əməkdaşlıq əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən təqdim olunan məlumatlar Hesablama Palatasına daha ətraflı rəyi millət vəkillərinə təqdim etməyə şərait yaradır”.

Hesablama Palatasının sədri qeyd edib ki, məcburi dövlət sosial sığorta haqlarının tərkibində xüsusi potensial qeyri-büdcə sektoruna aiddir.

Büdcə müzakirələri Milli Məclisdən kənarda da aparılmaqdadır.  İqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında DSMF-nin büdcəsi ilə bağlı maraqlı məqamlara toxunub: “Dövlət büdcəsindən təqaüdlərə hər il xeyli vəsait ayrılır. 2023-cü ildə də bu vəsait 16 milyon manat artımla 556 milyon manata çatdırılıb. Büdcə sənədində həmin vəsaitin bir sıra istiqamətləri aydın görünür. Məsələn, fəxri adlara, Milli Qəhrəman adına, 20 Yanvar şəhidlərinin ailələrinə, fərdi təqaüdlərə, şəhid ailələrinə və s.

Amma nəzərdə tutulan vəsaitin böyük hissəsi – 371 milyon manatı “digər təqaüdlər” maddəsi altında xərclənəcək. Bu baxımdan, sual yaranır ki, “digər” dedikdə nələr nəzərdə tutulur?

İkinci sual budur ki, pensiya və sosial müavinətlər qanunla tənzimlənir. Bəs təqaüdlərin müəyyən edilməsini və ödənməsini tənzimləyən hansı normativ aktlar var”?

Gülnar Səlimova

Globalinfo.az