ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini və ABŞ tərəfindən Strateji İşçi Qrupun həmsədri Sonata Koulter Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqunun yekunlarına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.
ABŞ rəsmisi bildirib ki, tərəflər regional sülh, enerji təhlükəsizliyi, ticarət və rəqəmsal infrastruktur sahələrində əlaqələri genişləndirmək niyyətindədirlər.
Koulter vurğulayıb ki, nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində SOCAR və ABŞ özəl sektoru arasında, eləcə də Azərbaycan İqtisadiyyat Nazirliyində ümumi dəyəri 8 milyard dollardan çox olan kommersiya sazişləri imzalanıb.
O qeyd edib ki, tərəflər enerji, kritik mineralların tədarük zənciri, regional nəqliyyat və tranzit marşrutları, aviasiya əməkdaşlığı, süni intellekt texnologiyalarının tətbiqi və Azərbaycanın rəqəmsal infrastrukturunun modernləşdirilməsi istiqamətlərində konkret layihələri müzakirə ediblər.
“ABŞ və Azərbaycan arasında münasibətlər inkişaf edir və bu, yalnız başlanğıcdır”, – Koulter əlavə edib.
X X X
Azərbaycan təbii resurslar və böyük iqtisadi inkişaf potensialı baxımından möhtəşəm bir ölkədir. ABŞ-ın “Chevron” kimi şirkətləri neft və qaz sənayesinin əsas iştirakçılarından olub.
Globalinfo.az bildirir ki, bunu APA-nın sualına cavab olaraq, ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr deyib.
Onun sözlərinə görə, ABŞ və Azərbaycan arasında tərəfdaşlıq getdikcə güclənir və genişlənir. “Biz enerji sektoruna yatırımlarımızı daha da artırırıq. Eyni zamanda, bu möhkəm təməli daha böyük iqtisadi əməkdaşlıq platformasına çeviririk. Təkcə bu həftə ABŞ şirkətləri tərəfindən dəyəri 8 milyard dollardan çox olan sazişlər imzalanıb”.
Kaleb Orr qeyd edib ki, bu sazişlər müxtəlif sahələri əhatə edir və yalnız enerji sektoru ilə məhdudlaşmır: “Bu layihələr həm də Azərbaycandakı enerji sektoruna investisiya fondlarının cəlb olunmasını nəzərdə tutur. Prezident Trampın vasitəçiliyi ilə əldə olunan tarixi sülh sazişi çərçivəsində yaradılan “Trump Group for International Peace and Prosperity” təşəbbüsü də mühüm yer tutur. Bu, bizim də investisiya yatırdığımız tarixi infrastruktur dəhlizidir”.
ABŞ rəsmisi vurğulayıb ki, sözügedən dəhlizin multimodal xarakter daşıması gözlənilir: “Bu dəhliz yalnız sərnişin daşımalarını deyil, həm də enerji və rəqəmsal infrastrukturun ötürülməsini təmin edəcək. Hesab edirik ki, enerji sahəsi iqtisadi münasibətlərimizin dayandığı çox güclü təməldir. Lakin biz artıq bu çərçivədən kənara çıxaraq əməkdaşlığımızı daha da genişləndiririk”.
Kaleb Orr əlavə edib ki, iqtisadi dialoq ABŞ-ın Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək, ölkə iqtisadiyyatının strateji sektorlarına investisiyaları artırmaq və tərəfdaşlığı daha yüksək səviyyəyə qaldırmaq istiqamətində qətiyyətli səylərinin göstəricisidir.