Paşinyanla Brüssel görüşünün pərdəarxası: hərbi müdafiə, yoxsa?..

“Vaşinqton Ermənistan-Avropa İttifaqı-ABŞ formatında keçiriləcək Brüssel görüşünün təhlükəsizlik və siyasi yox, iqtisadi gündəmlə bağlı olduğunu bəyan edib. Bu, görüşlə bağlı digər tərəflərin, xüsusilə rəsmi Bakının mövqeyinə cavab xarakteri daşıyır”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, görüşün birbaşa Ermənistanın “ticarət əlaqələrini şaxələndirmək” məqsədi daşımadığı bəllidir:

““İqtisadi gündəm”in iki tərəfi var. Bu, həm diqqəti əsas hədəfdən yayındırmaq, həm də əsas hədəfə çatmaq məqsədi daşıyır.

Görüşün birbaşa Ermənistanın “ticarət əlaqələrini şaxələndirmək” məqsədi daşımadığı bəllidir.

Birincisi, görüş Paşinyan, Ursula von der Leyen və Blinken arasında keçirilir: məsələ sırf iqtisadiyyatla bağlı olsaydı, siyasətçilər yox, bu sahənin nümayəndələri müzakirə aparmalıydı;

İkincisi, təhlükəsizlik şurasının katibi Armen Qriqoryan da “görüşün Ermənistanın müqavimətini gücləndirmək məqsədi daşıdığını” açıqlamışdı;

Qərbin – ABŞ və Avropa İttifaqının əsas hədəfi Ermənistanın təhlükəsizlik vektorunu dəyişmək, Rusiyanın boşalan yerini doldurmaq və bölgədə möhkəmlənməkdir. Lakin Ermənistanın siyasi bə hərbi müstəvidə alternativi olsa da, iqtisadi müstəvidə Rusiyadan və onun nəzarətində olan bazarlardan asılıdır. Ermənistan iqtisadi alternativ tapmadığı müddətdə, təhlükəsizlik vektorunu – rus hərbçilərin ölkədən çıxarılması, KTMT-dən çıxmaq və s. – dəyişməkdə tərəddüd edir. Brüssel görüşünün “iqtisadi gündəmi” də Ermənistana belə bir alternativin yaradılmasına hesablanıb. Və iqtisadi dəstəyə paralel olaraq, siyasi və hərbi yardımlar da davam edəcək.

Qərb iqtisadi yardımı təmin edəcəyi təqdirdə, Ermənistan Rusiyaya qarşı indiyə qədər daha çox ritorik müstəvidə görünən addımlarını praktiki müstəvidə atmağa başlayacaq”.

Ermənistan-Avropa İttifaqı-ABŞ formatında keçiriləcək Brüssel görüşünü şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Vaşinqton və Brüssel Paşinyanı Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çağırmalıdır.

“ABŞ dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon söhbətində dövlət başçısını inandırmağa çalışıb ki, aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş Azərbaycan əleyhinə deyil. Blinken görüşün əsas mahiyyətinin Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini bildirib. Əgər Blinkenin söylədiyi kimidirsə, yəni mövzu təhlükəsizlik təminatı deyil iqtisadi dəstək olacaqsa, bu halda Vaşinqton Brüssellə birgə Ermənistanı Rusiyanın iqtisadi asılığından qurtarmaq istəyir. Paşinyanın da tələbi elə budur ki, Ermənistanın Rusiyadan ipləri qoparması üçün Vaşinqton və Brüssel İrəvana maliyyə dəstəyi verməlidir. Ancaq bunun reallaşması mexanimzi necə olacaq? Ermənistana bir neçə milyard dollar və ya avro ayıra bilərlər. Ancaq bu Ermənistanın iqtisadi problemlərinin həlli demək olmayacaq. Rusiya Ermənistana qaz nəqlini kəsərsə, ABŞ və Avropa İttifaqı bu problemi necə həll edəcək? Və ya Avropa öz bazarlarını Ermənistanın kənd təsərrüfatı məhsullarına açmağa hazırdırmı? Çətin. Ermənistan məhsullarının əsas hissəsi Rusiya bazarlarında satılır. Vaşinqton və Brüssel Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtarmaq istəyirlərsə, Paşinyana Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çağırmalıdır. Digər alternativlər Ermənistanı xilas etməyəcək.

Əliyar Xəlil
Globalinfo.az