“Ermənistanın birinci prezidenti (Levon Ter-Petrosyan – red) Baş nazir Nikol Paşinyana Qarabağla bağlı 30 illik danışıqlar paketinin ictimaiyyətə açıqlanmasını təklif edib. Paşinyan da Xarici İşlər Nazirliyinə tapşırıb ki, sənədlərin hamısı gözdən keçirilsin. Əgər dövlət təhlükəsizliyi və maraqlarına uyğun olarsa, Ermənistan xalqına təqdim olunması müzakirə ediləcək. Lakin Qərb bunu istəmir, prosesin detallarının məxfi qalmasına çalışır”.
Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Tatul Mkrtçyan deyib.
O, Qərbin hələ də Qarabağla bağlı maraqlarının olduğunu, bu səbəbdən danışıqlardakı bəzi məqamların açılmasını istəmədiyini bildirib:
“Qarabağ məsələsi onlar üçün azadlıq və öz müqəddəratını təyinetmə uğrunda mübarizə kimi regional, beynəlxalq və geosiyasi əhəmiyyət kəsb edirdi. ATƏT-in Minsk Qrupu da yəqin ki, danışıqların məxfilikdən çıxarılmasının əleyhinə olacaq. Çünki prosesə hakim olan istənilən şəxs bilir ki, beynəlxalq aləmdə müzakirə olunan əsas mövzu Qarabağa hansı ölkənin sülhməramlılarının yerləşdirilməsi idi. Moskva rus qoşunlarının əraziyə daxil olmasını, Qərb isə beynəlxalq mandat almış sülhməramlıların yerləşməsini istəyirdi. Ehtimal ki, bu mövzuda çox müzakirələr aparılıb və protokollar tərtib edilib”.
T.Mkrtçyan qeyd edib ki, İrəvan 1995-ci ildə Rusiya hərbi bazasının Ermənistanda yerləşdirilməsi ilə bağlı müqavilə imzalamaqla böyük səhv etdi:
“Çünki məhz bu amil “artsax”ın beynəlxalq aləmdə tanınmasına 30 il mənfi təsir etdi. Əgər Ermənistan hakimiyyəti bu səhvə yol verməsəydi, beynəlxalq ictimaiyyət “artsax”ı da Kosova kimi 2008-ci ildən daha tez tanıyardı. Amma Qərb qorxurdu ki, müstəqilliyi tanıdıqdan sonra Rusiya oraya öz ordusunu yerləşdirə bilər. Məsələ ilə bağlı qeydlər var, ona görə də XİN bunları dərc etməyəcək”.
Ayşən Mustafa
Globalinfo.az