Erməni diasporası Paşinyanı ölümlə hədələdi: sui-qəsd ssenari işə düşür?

Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin müstəqillik bəyannaməsini sərt tənqid etməsinin ardınca ona qarşı təzyiqlər, hətta təhdidlər artıb. Rusiyalı media maqnatı, milliyyətcə erməni Aram Qarbrielyanov Paşinyanı sui-qəsdlə təhdid edib.

Ümumiyyətlə son zamanlar Paşinyanın radikal qararları və cəsarətli çıxışları diaspora ilə onun arasını açıb.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur? Paşinyanla erməni diasporu arasındakı uçurum getdikcə dərinləşir? Aram Qarbrielyanovun Paşinyanı sui-qəsdlə təhdid etməsinin bu proseslə bir əlaqəsi var?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın xarici siyasət kursu müxalifət və diaspor dairələrində getdikcə daha çox narazılığa səbəb olur:

Kənan Novruzov

“Çünki onların gözləntiləri fərqlidir. Paşinyan isə demək olar ki, nə müxalifətin, nə də diasporun ümidini doğruldur. Əslində Ermənistan hökumət başçısı reallığı anlayır. O, keçmiş prezidentlər Robert Köçəryandan, Serj Sarkisyandan fərqli olaraq Qarabağla bağlı daha loyal mövqe ortaya qoyub. Əlbəttə, bu, həm də 2020-ci ildəki Vətən müharibəsi sayəsində mümkün olub. Təsadüfi deyil ki, savaşdan əvvəl “Qarabağ Ermənistandır, nöqtə” deyən Paşinyan artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Yəni 44 günlük döyüşlər Paşinyanın reallıqları anlamasında mühüm rol oynadı.

Paşinyanın işi kifayət qədər çətindir. Ona hər tərəfdən təzyiq göstərilir: Qərb, Rusiya, diaspor və daxildəki müxalifət Paşinyanda fərqli yanaşmalar tələb edir. Elə buna görə də baş nazir zaman- zaman manevr etməli olur.

Hazırda Ermənistan hökumət başçısının iki yolu var: ya təhdid və təzyiqlərə boyun əyərək Ermənistan dövlətçiliyini sual altına atacaq, ya da siyasi iradə göstərəcək, regional əməkdaşlığa çalışacaq. Məncə, o, ikincini seçəcək”.

Turan Rzayev
Globalinfo.az