Paşinyan Konstitusiyanın dəyişdirilməsindən danışdı: “Seçkilərin nəticələrinə görə…”

“Ermənistanda konstitusiya dəyişiklikləri konsepsiyasını öyrənmək üçün uzun müddət komissiya çalışıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistanda hakim çoxluq parlament seçkilərinin nəticələrinə görə sabit çoxluğun yaradılması ilə bağlı qanunvericilik imperativindən imtina etməyə meyllidir.

Ermənistan Konstitusiyasına uyğun olaraq parlament proporsional seçki sistemi ilə seçilir. Seçki məcəlləsi sabit parlament çoxluğunun, yerlərin 54 faizinin formalaşmasına təminat verir. Seçkilərin nəticələrinə görə və ya siyasi yolla sabit parlament çoxluğu yaradılmasa, seçkilərin ikinci turu keçirilə bilər. Səhv etmirəmsə, konstitusiyaya dəyişikliklər üzrə komissiya sabit çoxluq haqqında müddəanın çıxarılmasını təklif edən konsepsiya hazırlayıb və biz həmişə hakim çoxluğumuzun müzakirələrində bunu müdafiə etmişik”, – Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri dəfələrlə hazırkı Konstitusiyanın dəyişdirilməsinin zəruriliyini bəyan edib.

Ədliyyə Nazirliyi bundan əvvəl konstitusiya islahatları konsepsiyası çərçivəsində Konstitusiyanın hansı müddəalarının dəyişdirilməsinin nəzərdə tutulduğunu açıqlamasa da, konsepsiya layihəsində idarəetmə forması, dövlət orqanlarının səlahiyyətlərinin əhatə dairəsi ilə bağlı müddəaların olduğunu qeyd edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az