ABŞ vasitəçi olmaq istəyir, Rusiya səssiz qalır: Bakı bu halda sülhə razı olacaq

Polish 20240626 202843444

Erməni politoloq Armen Badalyan deyib ki, Qərbə mütləq sülh lazımdır. O, fikrini belə əsaslandırıb:

“Nəyin bahasına olursa olsun, Ermənistan Azərbaycanla razılaşmalıdır, Rusiyaya göstərmək üçün sülh müqaviləsi imzalanmalıdır ki, Rusiyanın Ermənistanda hərbi bazası olması üçün heç bir əsas qalmadığı sübut edilsin. Azərbaycan da bundan istifadə edir və yeni tələblər irəli sürür”.
Son günlər Qərbin Cənubi Qafqazda fəallaşması halı müşahidə edilir. Xüsusilə Azərbaycanla Ermənistan arasında aktiv vasitəçilik səyləri diqqət çəkir. Maraqlı məqam odur ki, Rusiya ABŞ-ın bu fəallığı qarşısında təmkinli davranır. Moskva adətən bu cür situasiyalarda bəyanatları, reaksiyaları ilə seçilirdi.

Rusiya bu sükutunu sonadək qoruyacaqmı? ABŞ sülh sazişinin bağlanmasına, bununla da Qafqazda söz sahibinə çevrilməyə nail olacaqmı?

Globalinfo.az -a danışan politoloq Oqtay Qasımov deyib ki, Armen Badalyanın dedikləri təəccüblü deyil.

“Ermənistan tərəfdən bu tipli bəyanat tez-tez səslənir. Lakin ümumi mənzərə fərqlidir. Nəzərə almaq lazımdır ki, son dövrlər doğurdan da Qərb və ABŞ-ın Ermənistan-Azərbaycan danışıqlarına marağı artıb. Qərb israrla danışıqlar prosesində vasitəçi kimi çıxış etmək istəyir.

Bu fəallıq istər rəsmilərin regiona səfəri, istərsə də dövlət başçıları ilə ayrı-ayrılıqda telefon danışıqlarının aparılması ilə özünü göstərir. Xüsusilə ABŞ açıq şəkildə hər iki tərəfi sülh müqaviləsini imzalamağa dəvət edir. Bunun üçün fürsət pəncərəsinin açıldığına da açıq şəkildə eyham vurur.
Şübhəsiz, ABŞ-ın sülh təkliflərinin pərdəarxasında onun öz maraqları dayanır. Misal üçün, Vaşinqton Zəngəzur dəhlizinin də açılmasını istəyir. Amma bunun Ermənistanın təklif etdiyi yol prinsipi ilə olmasına çalışır.

ABŞ bununla Rusiyanın təsirini azaltmaq və gələcəkdə Zəngəzur dəhlizi üzərində nüfuz əldə etmək istəyir”.

oqtay qasimov 5
Oqtay Qasımov

Politoloqun sözlərinə görə, Azərbaycanın sülhlə bağlı yanaşması fərqlidir:

“Rəsmi Bakı Ermənistan konstitusiyasının dəyişməsini tələb edir. Çünki həmin konstitusiyada konkret Azərbaycan ərazilərinə iddia var. Bakı bu olmadan sülhün əldə edilməsini real görmür.

O ki, qaldı ABŞ-ın sülh prosesinə verəcəyi töhfəyə, Ermənistana təzyiq edilərsə, konstitusiya dəyişdirilərsə, bu halda hansısa faydadan danışmaq olar. Hələlik ABŞ-ın prosesi xüsusi bir təsiri yoxdur”.

Turan Rzayev
Globalinfo.az