Paşinyan Əliyevlə görüşdən buna görə imtina edirdi – Politoloji şərh

“Ermənistan Baş naziri Nikol Paşinyan Avropadan gələn təlimatları qeyd-şərtsiz icra edir. Bunu MDB sammitində də gördük. Qərb faktiki olaraq Brüsseldə baş tutmayan görüşə cavab olaraq Paşinyandan Sankt-Peterburqda baş tutması ehtimal olan üçtərəfli görüşdə iştirak etməməsini istəyib”.

Bu sözləri Globalinfo.az-a politoloq Samir Hümbətov Rusiyanın Sankt-Peterburq şəhərində baş tutan Müstəqil Dövlətlər Birliyinin (MDB) sammitini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, N.Paşinyanın görüşdən yayınmaq istəməsinin pərdəarxası məqamları var:

“Birincisi, artıq on gündən artıqdır ki, Şuşa-Laçın yolunda azərbaycanlı eko-aktivistlərin aksiyaları keçirilir. Paşinyan üçlü görüşdən imtina edərək əslində mövcud vəziyyətdən narazı olduğunu və Rusiya Azərbaycan tərəfinə etiraz etdiyini demək istəyirdi. Lakin burada əldə edilmək istənilən nəticə separatçıların dəstəyidir. Yəni “baxın mən sizinləyəm və sizin üçün belə bir görüşdən imtina edirəm”.

İkincisi, Paşinyandan üçlü görüşdə iştirak etməməsini Qərb istəmiş ola bilər. Dediyim kimi, Brüssel formatı çərçivəsində görüşlərin dayandırılması Qərbi ciddi şəkildə narahat edib. Qərb buna cavab olaraq Paşinyandan belə bir şey istəyə bilər”.

S.Hümbətovun fikrincə, ilin sonunda Ermənistan ilə Azərbaycan arasında yekun sülhün imzalanması istiqamətində verilən açıqlamalar həqiqəti əks etdirmir:

“Ümumiyyətlə, sülh müqaviləsinin imzalanması düşünüldüyü qədər sadə və bu tezlikdə baş verəcək proses deyil. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, regionda geosiyasi maraqlar dəyişir. İndiki məqamda nə Rusiya, nə də Qərb belə bir sülhüm imzalanmasını istəmir. Xüsusilə də Qərb Brüssel formatının dayandırılması kontekstində prosesdən açıqca narazıdır.

Sülh müqaviləsinin imzalanmasına qədər konkret şərtlər var ki, onlar yerinə yetirilməli, etimad mühiti formalaşdırılmalıdır. Bunlar baş vermədikcə yekun sülhdən danışmaq üçün hələ çox tezdir”.

Turan Rzayev 
Globalinfo.az