Cənubi Qafqazda davamlı sülh və regional inteqrasiya istiqamətində Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması yeni mərhələyə daxil olur. Belə ki, tarixi İpək Yolu üzərində yerləşən Ani körpüsünün birgə bərpası ilə bağlı müqavilə imzalanıb.
Türkiyə və Azərbaycanla normallaşma Ermənistana hansı dividentləri gətirəcək?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, birgə bərpa razılaşması regionda münasibətlərin tədricən yumşalmasının konkret simvoludur:
“Ermənistan üçün Türkiyə və Azərbaycanla normallaşma ilk növbədə iqtisadi blokadanın faktiki yumşalması deməkdir. Bu, sərhədlərin açılması, ticarət xərclərinin azalması və yeni tranzit imkanlarının yaranması ilə nəticələnə bilər. Ermənistan uzun illər qapalı iqtisadi modeldə fəaliyyət göstərdiyi üçün regional bazarlara çıxış imkanlarının genişlənməsi onun ixrac potensialını artırar, logistika marşrutlarını diversifikasiya edər və xarici investisiyalar üçün daha cəlbedici mühit yaradar. Xüsusilə nəqliyyat və kommunikasiya xətlərinin bərpası Ermənistanı regional iqtisadi sistemə inteqrasiya edə bilər”.
Züriyə Qarayeva
Politoloq bildirib ki, digər mühüm divident isə siyasi və təhlükəsizlik müstəvisindədir:
“Azərbaycanla münasibətlərin normallaşması Ermənistan üçün uzunmüddətli sabitlik perspektivi yaradır, hərbi riskləri azaldır və resursların müdafiədən iqtisadi və sosial inkişaf sahələrinə yönəldilməsinə imkan verir. Eyni zamanda Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanın geosiyasi manevr imkanlarını genişləndirir və onu təkcə bir istiqamətdən asılı vəziyyətdən çıxarması mümkündür. Bu proses İrəvanın həm Avropa, həm də regional layihələrdə iştirak imkanlarını artıraraq onun beynəlxalq mövqeyini daha praqmatik və balanslı hala gətirə bilər”.
Qeyd edək ki, mayın 4-də imzalanan memoranduma əsasən, Türkiyə-Ermənistan sərhədində yerləşən Ani körpüsünü birgə bərpa edəcəklər.
Ləman İmran
Globalinfo.az