Pakistandakı məsciddə törədilən terrorda İran faktoru

Pakistanda məsciddə terror aktının İranın Azərbaycan və İsraillə münasibətlərində gərginliyin artması fonunda baş verməsi diqqət çəkən məqamlardan biridir.

Peşavar şəhərində məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb, 200-dən çox insan yaralanıb.

Hadisələr arasında bağlantı olması ehtimalı ilə bağlı politoloq Əhəd Məmmədli Globalinfo.az-a açıqlama verib:

“Təəssüf ki, növbəti dəfə belə bir hadisə baş verdi. Bunu islam şüarları ilə hərəkət edən şəxslərin etməsi isə ikiqat faciədir. Pakistan regionda istər Hindistan, istərsə də İran və Əfqanıstanla ərazi və s. problemlər yaşayır. Pakistan Azərbaycanın iki ən yaxın müttəfiqindən biridir və bu problemlərinin həll edilməsi dövlətimizin maraqlarına cavab verir”.

Ekspertin fikrincə, bu terror məzhəb müstəvisində baş veribsə, bunu İranla bağlamaq olar:

“Pakistanda illərdir məzhəb qarşıdurması var. Üstəlik, Pakistan illərdir İranla sərhədyanı problem yaşayır. Sərhəd ərazisi müstəqil olmaq istəyir və illərdir İran dövlətinə qarşı bu mübarizəni aparır. Terrora görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb. Çox güman ki, məzhəb adı altında hazırkı terror aktını törətməsi əsas faktorlardan biridir. Daha dəqiq fikir bildirmək üçün proseslərin sonrakı inkişafını izləmək lazımdır”.

Politoloq əlavə edib ki, Talibanın Pakistan qolu istər ABŞ, istərsə Pakistan ordusuna qarşı terror aktlarında iştirak edib, üstəlik, Əl-Qaidə ilə də yaxınlığı var. Həmçinin Pakistanın qətlə yetirilmiş baş naziri Bənazir Bhuttoya sui-qəsdin təşkilində şübhəli bilinən radikal hərəkatdır.

Qeyd edək ki, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı kamikadze partlayıcı qurğunu işə salıb. Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər.

Gülnar Səlimova
Globalinfo.az