“Ermənistan hazırda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında seçim sınağından keçir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İzvestiya” nəşrinə müsahibəsində deyib.
“Rusiya Prezidenti Vladimir Putin mayın 9-da keçirdiyi mətbuat konfransında bu mövzuya ətraflı toxunmuşdu. Ermənistan özü qərar verməli və seçim etməlidir: Aİİ-də qalmaq istəyir, yoxsa Aİ-yə qoşulmaq. Biz erməni xalqının istənilən seçiminə hörmətlə yanaşacağıq, amma bu seçim edilməlidir”, – deyə o bildirib.
Lavrov Ermənistan rəhbərliyinin nümayəndələri, o cümlədən baş nazirin müavini Mer Grigoryanın fikirlərini xatırladıb:
“Onlar deyirlər ki, yalnız məsələ qəti şəkildə gündəmə gəldiyi halda referendum keçiriləcək. Bu nə deməkdir?
Cənab Nikol Paşinyan seçki kampaniyası zamanı belə dedi: “Mən Ermənistanı bu və ya digər istiqamətə getməyə məcbur edə bilmərəm. Alternativləri təqdim etməyə borcluyam, qərarı isə xalq verəcək”.
Belədirsə, onda həmin alternativlər göstərilməli və referendum elan olunmalıdır.
“Referendum yalnız Avropa İttifaqına son cavab vermək lazım gələndə keçiriləcək”, deyə düşünürlərsə, bu, o qədər də demokratik yanaşma deyil”.
Nazir vurğulayıb ki, artıq Ermənistanın Avropa İttifaqına doğru rəsmi hərəkətinin başlanmasını nəzərdə tutan qanun qəbul olunub:
“Əgər belə bir qanun varsa, deməli, məsələ məhz İrəvan tərəfindən qəti şəkildə gündəmə gətirilib. O zaman gəlin, dediyimiz sözlərə görə məsuliyyət daşıyaq və xalqın rəyinə müraciət edək”.
Əliyar Xəlil
Globalinfo.az