Orduda “İsrail” dönəmi başlayır – Elə adam seçildi ki…

WhatsApp Image 2024 11 07 at 11

“İsrailin bir qədər əvvəl istefaya göndərilən müdafiə naziri Yoav Qallantın bəzi məsələlərdəki açıq mövqeyi onu Netanyahu hökumətindən fərqləndirirdi. O, ultra-pravoslav kişilərin orduda xidmət etməsini dəstəkləyirdi, bu isə hazırkı müharibədə əsgər çatışmazlığının aradan qaldırılması üçün vacib hesab edilirdi. Bu mövqe koalisiyanın ultra-pravoslav partiyalarla münasibətlərinə təhdid yaradırdı”.

Bu sözləri Globalinfo.az-a politoloq Rüstəm Tağızadə deyib.

Onun sözlərinə görə, Qallant 7 oktyabr 2023-cü ildəki HƏMAS hücumları zamanı yol verilən səhvlərin araşdırılması üçün bir qurumun yaradılmasını dəstəkləyirdi:

“Bu yanaşma Netanyahuya qarşı tənqid kimi qəbul edilərək onların münasibətlərini gərginləşdirdi.

Qallantın Livanda “Hizbullah”a qarşı strategiyalar hazırlaması və əsirlərin qaytarılması üçün güzəştləri ehtiva edə biləcək danışıqlara meyilli olması da Netanyahu ilə fikir ayrılıqlarını artırdı.

Onun vəzifədən çıxarılmasının ABŞ prezident seçkiləri ilə eyni gündə elan edilməsi Vaşinqtonun reaksiyasını yumşaltmaq üçün addım kimi qiymətləndirmək olar. Qallant ABŞ müdafiə dairələrində hörmətlə qarşılanırdı və onun postdan uzaqlaşdırılması iki ölkənin münasibətlərini gərginləşdirə bilərdi”.

katz

İsrail Katz

Politoloq qeyd edib ki, Qallantın yerinə təyin edilən İsrail Katz hərbi təcrübəyə malik olmasa da, təcrübəli siyasətçidir:

“Bu dəyişiklik hərbi təcrübədən çox, siyasi sədaqəti ön plana çıxarır. Həmçinin İsrailin Qəzza və Livanda davam edən əməliyyatlarına və İran təhdidlərinə qarşı strategiyalarına təsir göstərə bilər.

Katz təyinatı İsraildə etiraz və tənqidlərə səbəb oldu, mövcud gərginliyi artırdı. Bu dəyişiklik İsrailin daxili birliyinə və əsas beynəlxalq tərəfdaşlarla, xüsusilə də ABŞ-la münasibətlərinə təsir göstərə bilər. Bunun isə Yaxın Şərqin ümumi geosiyasi mənzərəsini dəyişdirməsi mümkündür”.

Turan Rzayev
Globalinfo.az