Onlar Belarusda təxribat törədə bilərlər – Boqodel

“Belarus hakimiyyətinin əleyhdarları Ukrayna vasitəsilə ölkəyə daxil ola və təxribatlar törədə bilərlər. Çünki Ukrayna ərazisi təxribat qruplarının Belarusa soxulması üçün əsas istiqamət hesab olunur”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Hərbi Akademiyasının məsul əməkdaşı, polkovnik Andrey Boqodel deyib.

“Polkovnikin sözlərinə görə, Malorita, Kobrin, Stolin kimi şəhərlər mümkün hücum baxımından çox böyük təhlükə ilə üzləşə bilər. Söhbət Ukrayna ərazisindən təxribatçıların hücum cəhdlərindən gedir. Bütün bu şəhərlərin müdafiə planları hazırlanıb. Üstəlik, rəhbərlərin məsuliyyət sahələri dəqiq müəyyən edilib və artıq təlimlər keçirilir. Ona görə də bu şəhərlərdə yaşayan sakinlərin narahatçılığına heç bir əsas yoxdur”.

Boqodel əlavə edib ki, Ukrayna ilə həmsərhəd ərazilərin təhlükəsizliyinin təmin edilməsinə silahlı qüvvələrdən əlavə, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi, eləcə də xalq milisləri cəlb olunub.

“Biz hadisələrin istənilən inkişafına hazırıq. Ən yaxın müttəfiqimiz Rusiya ilə birlikdə hərəkət edəcəyik”.

Xatırladaq ki, hələ 2022-ci ilin oktyabrında Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Tertel hökumət əleyhdarı olan 100-300 nəfərlik qrupların Ukrayna istiqamətindən ölkəyə daxil olmaq və regional əhəmiyyətli əraziləri ələ keçirmək planları haqda məlumat açıqlayıb. O bildirib ki, yaraqlılar “körpübaşını” ələ keçirdikdən sonra yavaş-yavaş Minskə doğru hərəkət etməyi planlaşdırıblar.

Əliyar Xəlil
Globalinfo.az