Ermənistanda bir sıra siyasi qüvvələr iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinin ləğv olunması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
“Seçkilərin nəticələri əsasında formalaşan hakimiyyətin legitimliyi ilə bağlı ciddi narahatlıqlarımız və şübhələrimiz var. Buna görə də Konstitusiya Məhkəməsindən seçkilərin nəticələrinin etibarsız sayılmasını xahiş edirik”, – deyə “Yeni Güc” Partiyasının nümayəndəsi Akop Karapetyan jurnalistlərə bildirib.
Məlumata görə, analoji müraciəti ümumilikdə beş siyasi qüvvə təqdim edib. Bunlar keçmiş İrəvan meri Hayk Marutyanın rəhbərlik etdiyi “Yeni Güc”, milyarder Samvel Karapetyanın “Güclü Ermənistan”, sabiq prezident Robert Köçəryanın “Ermənistan”, iş adamı Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” və keçmiş ombudsman Arman Tatoyanın “Birlik Qanadları” partiyalarıdır.
Qeyd edək ki, iyunun 7-də keçirilən parlament seçkilərində ümumilikdə 18 siyasi qüvvə iştirak edib. Konstitusiya Məhkəməsinin müraciətlərə nə vaxt baxacağı hələlik açıqlanmayıb.
Əliyar Xəlil