Ölümlə hədələnən Tural Abbaslı ilə bağlı DİN araşdırmaya başlayıb

Millət vəkili Fazil Mustafaya sui-qəsdən sonra sosial şəbəkələrdə AĞ Partiya başqanı Tural Abbaslı növbəti hədəf kimi göstərilərək təhdid edilib. Partiya sədri məsələyə münasibətində hüquq mühafizə orqanlarına məlumat verildiyini, başqa xüsusi tədbir görmək fikrinin olmadığını bildirib.

Bəs Tural Abbaslıya dövlət tərəfindən mühafizə ayrıla bilərmi? Partiya hüquq mühafizə orqanlarına müraciət edəcəkmi?

Globalinfo.az-a danışan AĞ Partiya sözçüsü Cavanşir Abbaslı partiya sədrinin hədəf göstərilməsini öncədən təxmin etdiklərini bildirərək, digər siyasi partiyaların hadisəyə münasibətindən söz açıb:

Cavanşir Abbaslı

“Öncəliklə deyim ki, əslində bu cür təhdidlərin olacağı gözlənilən idi. Çünki Tural Abbaslı hər zaman milli məsələlərdə dövlətçilik mövqeyindən çıxış edib, cəsarət nümayiş etdirib və hansı dairələr, dövlətlər olmasından asılı olmayaraq, öz mövqeyini ifadə edib. Bu sırada da təbii ki, İran ilk yerdə gəlməkdədir. Xüsusilə, İkinci Qarabağ savaşındakı ermənipərəst mövqeyindən və bu günə qədər davam edən bu siyasətinin davam etməsindən  sonra təbii ki, AĞ Partiya olaraq buna səssiz qala bilməzdik. Sonunda da hədəfə çıxarıla biləcəyimizi təxmin edirdik, əsas da partiyanın başqanının. Heç nədən çəkinmirik. Bundan sonra da Azərbaycan əleyhinə danışan bütün “dillərin” qarşısında olacağıq, həmçinin molla rejiminin. Biz ölkədə bəzi siyasi partiyalar var ki, onların rəhbərləri kimi “malalamırıq”. Biri dünən canlı yayımların birinə çıxıb, cəsarəti çatıb bir kərə İranın adını Fazil Mustafa terroru ilə bağlı çəkə bilmədi…”.

Partiya sözçüsü təhdidlərlə əlaqədar aidiyyatı orqana müraciət edildiyini söyləyib:

“Həmin təhdidlər yayılan kimi, Elşad Hacıyevə məlumat verdim. Yəqin ki, bu məsələ DİN-in nəzarətində saxlanılacaq. Düşünürəm ki, bundan sonra bu tipli məsələlərdə aidiyyatı orqanlar son dərəcə diqqətli olmalıdırlar ki, ikinci Fazil Mustafa terroru yaşamayaq. Başqanın mühafizə olunması məsələsinə gəlincə deyim ki, biz aylar öncə belə bir təkliflə çıxış etmişdik. “Siyasi partiyalar haqqında” Qanuna edilən dəyişiklərlə bağlı verdiyimiz təkliflərdən biri də bu idi. Təəssüflər olsun ki, həyata keçməyən təkliflərimizdən biri də bu oldu. Düşünürük ki, Fazil Mustafa olayından sonra bu məsələyə xüsusi diqqət ayrılmalıdır və qanuna belə bir müddəa salınmalıdır. Tural Abbaslıya olan bu təhdidlərdən sonra konkret mühafizəçi kimi deyil, partiya üzvlərindən könüllü şəkildə başqanı mühafizə etmək üçün müraciət edənlər var. Hər halda biz də bunu diqqətə alacağıq”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Globalinfo.az-ın sorğusuna cavab olaraq müraciət üzrə araşdırmanın aparıldığını bildirib.

Qeyd edək ki, fevralın 28-i axşam saatlarında Milli Məclisin deputatı, Böyük Quruluş partiyasının sədri Fazil Mustafa evinin qarşısında silahlı hücuma məruz qalmasından sonra sosial şəbəkələrdə naməlum istifadəçilər bəzi ictimai nüfuzlu şəxsləri hədəf göstərərk təhdid edirlər.

Ayşən Mustafa

Globalinfo.az