Ölkə daha bir qətllə silkələndi – Səbəb nədir?

Aprelin 19-da Sumqayıt şəhərində 24 yaşlı gənc valideynlərini qətlə yetirib. Bundan əvvəl Bakıda bənzər hadisə olmuşdu: Əhməd Əhmədov ata-anasını, qardaş-bacısını və bacısı qızını xüsusi amansızlıqla qətlə yetirmişdi.

Belə cinayətlər nədən qaynaqlanır və bir qətl digərinin törədilməsində təhrikedici olurmu? 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan psixoloq Gülnar Orucova deyib ki, bu kimi hadisələrin yayılması kütləviləşməsinə gətirib çıxara bilər:

“İnsan beyni bəzən gördüyü hadisənin doğru olduğunu düşünür. Yəni “filankəs edirsə, mən də edə bilərəm”. Qətl hadisələrinin media və sosial şəbəkələrdə paylaşılmasından sonra “yaxşı oldu, belə də etməli idi, ölməli idi” kimi fikirlər yazılır. Bunu oxuyan şəxslər də fikirləşir ki, mən də öz valideynlərimdə, yaxınlarımda bəyənmədiyim xüsusiyyətlər olduqda analoji addımı ata bilərəm. Bəzən var-dövlətin, mülkün bölünməsində problemlər yaşanır və dəhşətli cinayətlərin şahidi oluruq. Əvvəllər belə deyildi, valideyn anlayışı böyük çoxluq üçün müqəddəs idi.

Ümumiyyətlə, cinayətə hansısa formada haqq qazandırmaq yeni qatillərin yetişməsinə səbəb olur. Bu məsələlərdə cəmiyyət olaraq həssas yanaşma nümayiş etdirməliyik”.

Safura Bənnayeva

Globalinfo.az