“O qətnamə bizim üçün kağız parçasıdır” – Səməd Seyidov

13:45

“Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi olaraq artıq fikrimizi bildirmişik. Parlamentin saytında komitənin məlum qətnamə ilə bağlı bəyanatı var. Bu bəyanatda bənd-bənd bütün məsələlər öz əksini tapıb. Xüsusilə də qətnamənin qəbul edilməsində erməni lobbisinin maliyyəsinin təsiri, fransalı deputatların canfəşanlığı və Avropa Parlamentinin korrupsiya qalmaqalları da əksini tapıb”.

Bu sözləri Globalinfo.az-a Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 18 yanvar tarixində Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə haqda danışarkən deyib.

Komitə sədrinin sözlərinə görə, Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi yalan və iftira ilə dolu qətnamə onları təəccübləndirmir:

“Geridə qoyduğumuz 30 il ərzində bu və bənzəri qətnamələrin şahidi olmuşuq. Bu qətnamə də bundan öncəkilər kimi bizi narahat etmir.
Çünki kağız parçasından başqa bir şey deyil.

Hesab edirəm kiçik bir prosedur qaydası ilə belə bir qətnamə qəbul edilirsə, bu, hər şeydən öncə Avropa Parlamentinin düşdü vəziyyəti gözlər önünə sərir. Onlar narahat olmalıdırlar ki, Avropa Parlamentinin nüfuzu aşağı düşəcək. Bildiyiniz kimi, onsuz da korrupsiya qalmaqalları ilə çalxalanan Avropa Parlamentinə etimad azalıb”.

S.Seyidovun sözlərinə görə, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar erməniləri və onların maliyyəsi hesabına seçilən Avropa parlamentarlarını özündən çıxarır:

“Bu baxımdan qəbul edilmiş qətnamə bizi təəccübləndirmir. Onlar qətnamədə irəli sürdükləri iddiaların gerçək olmadığını yaxşı bilirlər. Buna baxmayaraq yalan və böhtanlarına dünya ictimaiyyətini inandıraq istəyirlər. Lakin onlar buna nail ola bilməyəcəklər”.

Turan Rzayev
Globalinfo.az