Laçınlılara şad xəbər: Bu tarixdə yurdlarına QAYIDIRLAR

16 mart tarixində Böyük Qayıdış proqramının növbəti mərhələsi Tərtərdə reallaşıb. Bakı, Samux və Tərtərdən rayonun işğaldan azad edilmiş Talış kəndinə ilkin mərhələdə 90 nəfərdən ibarət 20 ailə köçürülüb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan millət vəkili Bəhruz Məhərrəmov deyib ki, Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndinin sakinlərinin öz ata-baba yurdlarına qayıtması Böyük Qayıdış proqramının böyük uğurla icra olunduğunu göstərir.

O bildirib ki, bu həm də Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması prosesində qətiyyətinin ifadəsidir:

Bəhruz Məhərrəmov

“Bildiyiniz kimi, Prezident İlham Əliyev 2021-ci ilin oktyabrın 3-də Tərtər rayonunun Talış kəndinə səfər edərkən bəyan etmişdi, “biz Talış kəndinə həyat qaytaracağıq”. Beləliklə də cəmi bir il beş ay sonra artıq Talış kəndinə layiqli və təhlükəsiz həyat qayıdır. Bu, eyni zamanda bizim milli hədəflərimizin tədricən realizəsi deməkdir.

Məlumdur ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müəyyənləşdirilərkən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış bizim 4-cü prioritetimiz kimi müəyyən olunub. Bu prioritetin uğurla reallaşdırılması üçün isə dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya məqsədləri müəyyən edilib. Yəni əhalinin qayıdacağı yurd yerlərimiz cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, orada müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır”.

Millət vəkili bildirib ki, ötən ildən artıq Böyük Qayıdışa start verilmiş, müasir infrastruktur qurmaqla rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq şəraitində Ağalıda layiqli yaşayış təmin olunub:

“Ağalıdan kifayət qədər fərqli və uzaq istiqamətdə qayıdışın təmin olunması isə işğaldan azad olunmuş ərazilərimizin hər qarışında iş aparıldığının bariz nümunəsidir. Talışa köçürülən 90 nəfərə gəlincə, bu vətəndaşlarımız keçmiş məcburi köçkün kimi Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, ağır şəraitdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayırdılar və doğma yurdlarına qayıtmaqla onlar həm mənəvi iztirabdan, həm də çətin yaşayış şəraitinin məhrumiyyətlərindən qurtulmuş oldular”.

B.Məhərrəmov bundan sonra da Qayıdış prosesinin davam edəcəyini vurğulayb:

“Hazırda eyni vaxtda Şuşa, Ağdam, Füzuli, Zəngilan, Laçın şəhərlərində geniş quruculuq işləri gedir. Xəstəxanalar, məktəblər, yaşayış binaları inşa edilir. Prezident İlham Əliyevin Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında da ifadə olunduğu kimi, “Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq”.

Növbəti dayanacağımız isə Laçındır. Cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də ifadə etmişdi: “Biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq, ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar”.

Zaira Akifqızı
Globalinfo.az