Nazirin ölümündə sirr pərdəsi: onu İrəvanda kim və niyə zəhərləyib? – ŞOK DETALLAR

Xəbər verdiyimiz kimi, Belarusun xarici işlər naziri Vladimir Makey vəfat edib. Makeyin bölgə üçün mürəkkəb və ağrılı proseslərin getdiyi bir zamanda qəfil ölümü bəzi versiyaların ortaya çıxmasına səbəb olub. Onun hansı səbəbdən vəfat etdiyi, ümumiyyətlə, xəstəliyinin olub-olmaması barədə məlumat yoxdur. Makey bu həftə Belarus nümayəndə heyətinin tərkibində İrəvanda keçirilən KTMT sammitində iştirak edib.

Nazirin ölümü ilə bağlı ən diqqətçəkən məqam isə bir gün əvvəl Vatikanın nümayəndəsi Ante Yoziç ilə görüşməsidir. Belə ki, görüşdə tərəflərin Ukraynada sülhə nail olmaqla bağlı məsələləri geniş müzakirə etdiyi deyilir.

Maraqlıdır, Belarusun xarici işlər naziri Vladimir Makeyin ölümünə səbəb nədir? Onun Vatikanın nümayəndəsi Ante Yoziç ilə görüşdən sonra ölməsi təsadüfdürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən siyasi şərhçi Turab Rzayev deyib ki, Makeyin qətli o qədər də müəmmalı deyil:

“Onun qətlinin sifarişi birbaşa Kremldən gəlib. Belə ki, Rusiya Prezidenti Vladimir Putin artıq MDB məkanında mərkəzdənqaçma meyillərini görür. Bunun qarşısını almaq üçün isə daha sərt addımlar atmağa məcburdur.

Misal üçün, onun birbaşa İrəvana getməsi, Ermənistan Baş naziri Nikol Paşinyanı həm bədən dili, həm də maşınına əyləşdirərək açıq şəkildə əzməsi buna misal ola bilər. Putin Paşinyan nümunəsi ilə göstərmək istəyir ki, MDB məkanında əsas söz sahibi Rusiyadır, digər MDB ölkələri Kremlin hegemoniyası ilə barışmalıdırlar”.

T.Rzayevin sözlərinə görə, Putin onun təyin etdiyi siyasətdən kənara çıxmaq istəyən şəxslərə qarşı Kremlə bağlı müxalifət, media və ya digər vasitələrlə mübarizə aparır:

“Onu da deyim ki, Putinin bu mübarizəsi təkcə MDB ölkələrinə deyil, həm də Rusiya daxilindəki hakim elitaya aiddir. Belə ki, Kreml daxilində onun siyasətinin əleyhinə səs çıxaran şəxslərin ya yaşadığı mənzilin pilləkənindən yıxılaraq ölməsi, ya da avtomobil qəzasında ölümcül vəziyyətə düşməsi barədə xəbərlər yayılır. Putin həm də bu yolla onu göstərir ki, hər kim Rusiyanı yarı yolda qoysa, onların aqibəti yaxşı olmayacaq.

Belarusun xarici işlər naziri Vladimir Makeyin ölümü də məhz bu səbəbdən Kremldən gələn sifariş əsasında baş tutub. Makey çox güman ki, İrəvanda səfərdə olarkən zəhərlənib. Onun ölümündən bir gün əvvəl Vatikanın nümayəndəsi Ante Yoziç ilə görüşməsi isə qətlin Kreml tərəfindən törədildiyini pərdələmək mahiyyəti daşıyır”.

Ekspertin sözlərinə görə, Vladimir Makeyin ölümü Belarus Prezidenti Aleksandr Lukaşenkonun əl-qolunu bağlayacaq:

“Məsələ ondadır ki, Makey Lukaşenkonun Qərb ilə təmaslarını aparan əsas fiqur idi. Onun ölümü Lukaşenkonun manevr imkanlarını məhdudlaşdıracaq. Görünür, Putin Lukaşenkonun Qərblə təmaslarından xəbər tutub və bu təmasları aparan əsas şəxsi – Makeyi aradan götürərək Lukaşenkoya xəbərdarlıq edir”.

Turan Rzayev
Glonbalinfo.az