Naxçıvanda vergi narazılığı – “Talıbov belə etmirdi…”

Naxçıvanda topdansatışla məşğul olan bir qrup ticarətçi onlardan vergi adı altında iri məbləğdə rüşvət tələb olunduğunu bildirir. “Rüşvətin məbləği 20 dəfə artırılıb”, – onlar qeyd ediblər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Ovqat.com saytının baş redaktoru, əslən Naxçıvandan olan jurnalist Heydər Oğuz deyib ki, Vasif Talıbovun vaxtında vergilər fərqli formada yığılırdı:

“Daha doğrusu, yarısı yığılırdı, yarısı yox. Həmin yarısı da dövlət büdcəsinə keçmirdi, Vasif Talıbovun və oradakı məmurların cibinə gedirdi. Beləliklə Naxçıvanın büdcəsi dolmurdu. Hətta Prezident İlham Əliyev də açıq şəkildə demişdi ki, Naxçıvan dotasiya ilə yaşayır.

Təsəvvür edin, büdcənin 15%-i Naxçıvanın öz hesabına doldurulurdu, qalanı Bakıdan göndərilirdi. 15% də bilirsiniz necə toplanırdı? Oradakı insanlardan vergi yığılırdı, onun 15%-i yatırılırdı. Qalanları gedirdi Vasif Talıbovun cibinə və buradan hamı yararlanırdı. Ticarətçilər də borclarının yarısını ödəyirdilər.

İndi Naxçıvanda vergilərlə bağlı xoşagəlməz xəbərlər eşidirik. Bu məsələlər tezliklə həll edilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az