Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirakdan imtina edib.
Globalinfo.az “Financial Times”a istinadən xəbər verir ki, Salmanın yerinə Kazana Səudiyyənin xarici işlər nazirinin gəlməsi planlaşdırılır. Bununla belə Məhəmməd bin Salmanın Kazana gəlmək istəməməsinin səbəbi açıqlanmayıb.
“The Moscow Times” isə yazır ki, Qərbdən təzyiqlərə rəğmən, Səudiyyə uzun müddət Rusiyanın neft bazarında əsas müttəfiqlərindən olub, lakin hazırda bu müttəfiqlik yenidən nəzərdən keçirilir .
Qəzet danışan London İqtisadiyyat Məktəbindən Lyuk Kuper mövcud ssenarinin Rusiya üçün təhlükəli olduğunu deyib:
“Qiymətlərin 2014-2016-cı illər səviyyəsinə düşməsi Putinin hərb maşınının maliyyələşdirilməsini çətinləşdirəcək. Hazırkı hökumətin büdcəsində neft 70 dollar olaraq götürülür. Lakin indi Səudiyyə qiymətlərin düşməsindən Rusiyadan daha yaxşı çıxa bilər. Ona görə ki Səudiyyə Ərəbistanının nefti Rusiyaya nisbətən daha ucuz çıxarılır. Üstəlik, Ər-Riyad qiymət itkisini istehsalı artırmaqla qapada bilər”.
Qəzet yazır ki, Rusiyanı bir zamanlar “OPEK+”a məcbur edən də məhz Məhəmməd bin Salman olub:
“2020-ci ildə bin Salman “OPEK+”dan çıxmaq istəyən Putinə güc nümayiş etdirdi. Səudiyyə Ərəbistanı hasilatı sutkalıq 12 milyon barrelə qədər artırdı, son 30 ilin rekord güzəştlərini etdi və neft qiymətlərini 1990-cı ilin səviyyəsinə – 10 dollara saldı. Cəmi bir neçə ay sonra Kreml kapitulyasiya etməyə və razılaşmaya dönməyə məcbur oldu”.
Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanı gündə 8,9 milyon barrel neft hasil edir. Bu, 2011-ci ildən ən aşağı göstəricidir. 2025-ci ilin sonuna qədər isə bu hasilatı 1 milyon barrelə qədər artırmaq niyyətindədir.
Əliyar Xəlil
Globalinfo.az