Münxendəki görüşün ən maraqlı tərəfi Əliyev və Paşinyanın irəli sürdüyü formatların uyğunlaşması oldu.
Globalinfo.az xəbər verir ki, bu sözləri erməni deputat Tiqran Abramyan qeyd edib.
“Həm Azərbaycan, həm də Ermənistan bəyan edir ki, İrəvan Qarabağla bağlı danışıqlardan çıxmalıdır. Həm Azərbaycan, həm Ermənistan liderləri hesab edirlər ki, İrəvan və Bakı yalnız iki ölkəyə aid məsələləri müzakirə etməlidir, yəni Qarabağ məsələsinə burada yer yoxdur. Belə çətin şəraitdə Qarabağı (seperatçı rejim nəzərdə tutulur – red.) Azərbaycanla təkbətək qoymaq Qarabağı satmaq deməkdir. Üstəlik, Ermənistan və Azərbaycanın Qarabağın statusu ilə bağlı yanaşmaları da kifayət qədər yaxındır. Biri “Dağlıq Qarabağ erməniləri”, digəri “Qarabağ erməniləri” deyir.
Həm Azərbaycan, həm də Ermənistan Qarabağ probleminə status çərçivəsində yox, sadəcə, oradakı ermənilərin hüquq və azadlıqları çərçivəsində yanaşırlar. Bu, Azərbaycana kart-blanş vermək deməkdir ki, o da Qarabağda yaşayan ermənilərin haqlarını təmin etməyə hazır olduğunu bildirərək, problemi həll olunmuş hesab edəcək. Bir sözlə, əsas məsələlərdə Ermənistan və Azərbaycanın mövqeləri üst-üstə düşdü. Hazırda Paşinyan hakimiyyətinin əsas qayğısı erməni ictimaiyyətini Qarabağı özünün yox, başqalarının satdığına necə inandıracağıdır”, – o bildirib.
İlkin Həsənov
Globalinfo.az