Polish 20250506 004203665 900x600 1

Azərbaycanla Belarus arasında əlaqələrin sürətlə inkişaf etməsi iki ölkənin strateji tərəfdaşlıqda yeni mərhələyə qədəm qoyduğunu göstərir. Mayın 5-də Bakıda keçirilən Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 14-cü iclası çərçivəsində imzalanan sənədlər bu yaxınlaşmanın əsasını təşkil edir.

Tərəflər sənaye əməkdaşlığını gücləndirmək, birgə istehsal müəssisələri qurmaq və yüksək texnologiyalı məhsulların istehsalını artırmaq niyyətində olduqlarını bəyan ediblər. Xüsusilə Gəncə Avtomobil Zavodunda Belarus istehsalı olan traktorlar, elektrik avtobusları və digər mühəndislik məhsullarının istehsalı diqqət mərkəzindədir. Bundan əlavə, kənd təsərrüfatı texnikası, yanğınsöndürmə avadanlıqları və dərman vasitələrinin birgə istehsalı planlaşdırılır.

Ticarət sahəsində də əhəmiyyətli irəliləyişlər müşahidə olunur. 2023-cü ildə Belarusun Azərbaycana ixracı 300 milyon dolları keçib və tərəflər illik ticarət dövriyyəsini 500 milyon dollara çatdırmağı hədəfləyirlər. Azərbaycanın Belarus bazarına meyvə, tərəvəz, neft məhsulları və kimyəvi məhsullar ixracı artıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Züfürqaroğlu deyib ki, Belarusla Azərbaycan arasında uğurlu əlaqələr mövcuddur:

“Rəsmi Minsk, istər işğal dövründə, istərsə də 44 günlük müharibədən sonra Azərbaycanın prinsipial mövqeyini dəstəkləyərək Bakının etimadını qazanıb. Belarus Azərbaycana qarşı hər zaman ədalətli mövqe sərgiləyib və ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlıdır.

Eli Zulfuqar
Əli Zülfüqaroğlu

İki ölkə arasında yalnız siyasi deyil, həm də iqtisadi və hərbi-sənaye sahələrində sıx əlaqələr mövcuddur. Rəsmi Bakı, xüsusilə iqtisadi sahədə əməkdaşlığın inkişafında böyük maraq göstərir. Son illərdə hərbi sənaye sahəsində ciddi təmaslar olmuşdu, amma artıq belə təmaslar real əməkdaşlığa çevrilib. Bu sahədəki əməkdaşlıq imkanları genişdir və iki ölkə bu istiqamətdə önəmli nəticələr əldə edə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: