razi nurullayev

“Məhkəmə icraatının sürətləndirilməsi vətəndaşın hüquqlarının müdafiəsi hesabına baş verməməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib.

“Xüsusilə ərazi aidiyyəti qaydalarının pozulmasına görə məhkəmə qərarlarının ləğvinin məhdudlaşdırılması məsələsi diqqətlə qiymətləndirilməlidir. Əlbəttə, sırf texniki xarakter daşıyan pozuntular səbəbindən məhkəmə prosesi illərlə uzanmamalıdır. Lakin aidiyyət pozuntusu vətəndaşın qanuni məhkəmədə baxılmaq hüququna, işin obyektiv araşdırılmasına və müdafiə imkanlarına təsir göstərirsə, bu hal hüquqi qiymətləndirmədən kənarda qala bilməz.

Digər məsələ apellyasiya şikayətlərinə tək hakim tərəfindən baxılmasıdır. Bu yanaşma iş yükünün azaldılmasına kömək edəcək və dəstəkləyirəm. Bununla belə, qərar qəbul edilərkən əsas meyar yalnız sürət deyil, həm də ədalətli araşdırmanın keyfiyyəti olmalıdır. Kiçik iddia üzrə mübahisənin məbləği az ola bilər, amma həmin məbləğ vətəndaş üçün böyük əhəmiyyət daşıya bilər. Maddəyə xüsus hallar və istisnalar əlavə edilərsə və şərtlər müəyyənləşərsə, daha ədalətli yanaşma olar”, – deyə o qeyd edib.

Deputat bildirib ki, yazılı icraatın genişləndirilməsi də məqsədəuyğundur:

“Ancaq tərəflərin dinlənilməsinin vacib olduğu hallarda şifahi baxış və mövqeyini əsaslandırmaq imkanları qorunmalıdır. Bu bəndə də xüsusi və istisna hallar və şərtləri əlavə olunarsa, daha məqbul hesab edərdim. Bunları deməkdə əsas prinsipim budur ki, məhkəmə islahatının nəticəsi yalnız daha sürətli qərarlarla deyil, vətəndaşın ədalətə daha asan çıxışı və hüquqlarının daha etibarlı qorunması ilə ölçülməlidir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: