1039682 res 0 8ca4a374882a0d0a

İranda Ukrayna Küveytdə iki italiyalı mütəxəssisin ölümü, daha iki nəfərin isə yaralanması ilə nəticələnən dron hücumunu təşkil etməkdə ittiham olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Post” İranın nüvə proqramı üzrə danışıqlar qrupunun keçmiş müşaviri Məhəmməd Mərəndiyə istinadən məlumat yayıb.

Mərəndi bildirib ki, hücum ABŞ Prezidenti Donald Trampın diqqətini Kiyevin imkanlarına yönəltmək məqsədi daşıyan, başqa tərəfin adından həyata keçirilən əməliyyat ola bilər. Onun iddiasına görə, Ukrayna qüvvələri Yaxın Şərqin müxtəlif ölkələrində, o cümlədən İraqın şimalında və Suriyada fəaliyyət göstərir.

“The New York Post”un yazdığına görə, İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli “Fars” agentliyi də oxşar iddialar yayıb.

Küveyt və İtaliya rəsmiləri hücuma görə məsuliyyəti İranın üzərinə qoyublar. Tehran isə hadisəyə aidiyyəti olduğunu təkzib edir. İranın Romadakı səfirliyi də Fars körfəzində münaqişəni genişləndirmək və Avropa ölkələrini bu qarşıdurmaya cəlb etmək məqsədi daşıyan mümkün təxribatlar barədə xəbərdarlıq edib.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi iyul ayında Ukraynanı Xəzər dənizində İranın ticarət gəmisinə hücum etməkdə günahlandırıb. Rəsmi Tehranın açıqlamasına görə, hadisə iyulun 25-də səhər saatlarında baş verib. Gəmidə törədilən partlayış nəticəsində bir dənizçi ölüb, daha biri yaralanıb.

İran tərəfi hadisəni təcavüz aktı adlandırıb, Kiyevin Tehrana münasibətini isə irrasional və düşmənçilik xarakterli kimi qiymətləndirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: