Mollaların üstü dəyişdi, bəs başları?

Yas məclislərində mollaların dinə, islama aid olmayan söhbətləri narazılıq yaradır. Bu, vaxtaşırı tənqid edilir. Savadsız, eləcə də başqa ölkələrin təsiri altında olan mollar tapşırıq yerinə yetirirmiş kimi çıxışlar edir, insanların beynini zorla öz “ideologiyaları” ilə doldurmağa çalışrlar.

Bu günlərdə axundların, mollaların yeni geyimləri təqdim edildi. İndən sonra tam yeni qiyafədə olacaqlar. Din xadimləri üçün geyim dəyişdirildi.

Bəs dünyagörüşlərində, intellektlərində dəyişiklik olacaqmı?

Mövzunu Globalinfo.az-a şərh edən ilahiyyatçı-yazar Tural İrfan deyib ki, geyim çox önəmli bir məsələdir.

Onun sözlərinə görə, xalqların, millətlərin özünəməxsus milli geyimləri, dini qiyafələri var:

“Bir xalqın formalaşmasında geyimin müəyyən mənada önəmi var və milli adət-ənənələr baxımından təbliğatda da böyük rol oynayır. Görürsünüz, hicabla bağlı dünyada nə qədər əks təsirlər və təsirlər var. O baxımdan bəzən din xadiminin məclisdə müəyyən geyimdə iştirak etməsi, hansısa xarici ölkənin din modelinə uyğun bir formada ortaya çıxması onun danışdığı hekayədən daha təsirli olur. Bilirsiniz ki, orta əsrlərin geyimini əsasən din xadimləri əba, əmmamə və s. formada geyinir. Hazırda buna ehtiyac yoxdur”.

Tural İrfan

İlahiyyatçı deyib ki, Hz.Peyğəmbər də geyimini öz müasir dövrünə uyğun geyinib:

“Peyğəmbərimiz Hz.İbrahimin, Hz.Musanın dövrünə aid geyim geyinməyib ki, indi də din xadimləri 1400 il əvvələ uyğun geyinsinlər. O baxımdan da orta əsr qiyafəsi geyim sayıla bilməz. Sadəcə, həmin geyimlər müəyyən ölkələrdə ərəblərin milli qiyafəsi kimi hələ də qalmaqdadır. Bizim din xadimlərinin vahid geyiminə gəlincə isə bu, çox vacib məsələdir.

Məsələn, bəzi din xadimlərimiz var ki, İranın milli-dini modelinə uyğun forma geyinirlər. Bəziləri Səudiyyə Ərəbistanı formasında, bəziləri isə Əfqanıstan və Türkiyədəki kimi geyinirlər. Bunlar artıq pərakəndəlik təşkil edir və o qiyafə ilə insanların arasında ayrı-seçkilik yaratmış olurlar”.

Tural İrfan deyib ki, din xadimi elə qiyafə geyinməlidir ki, məzhəbi seçilməsin:

“İslam birdir! Şiə və ya sünni söhbəti olmamalıdır! Azərbaycanın milli geyimi olub. Əvvəllər buxara papaq, üst geyimlərin üstündə bəzi aksessuar olardı. İndi belə geyim tərzinə ehtiyac yoxdur. Dövrlə bərabər geyim tərzi də dəyişir”.

İlahiyyatçı yaslarda danışılan hekayələrə də toxunub:

“Ümumiyyətlə, yaslarda xurafatçılıq hər zaman olub. Biz xurafata qarşı da mübarizə aparmalıyıq. Xurafata qarşı yalnız din xadimləri, Dini Komitə, Qafqaz Müsəlmanları İdarəsi deyil, bütün cəmiyyət mübarizə aparmalıdır. Molla oturub məclisdə xurafat danışanda dərhal müdaxilə etmək, onu dayandırmaq vacibdir. Xurafatlara yol vermək olmaz! Bilirsiniz, o nağılların çoxu xarici kəşfiyyatlar tərəfindən ötürülən məsələlərdir ki, onlara don geyindirib danışırlar. Mollalar da o hekayələri elə-belə danışmırlar”.

Zaira Akifqızı
Globalinfo.az