Mərkəzi Bankın qərarı lirəni xilas edəcək? – Bakı üçün mühüm məqam

“Türkiyə lirəsi son 1 ayda 20.0 faizdən çox dəyər itirib. İnflyasiya ilə mübarizə məqsədilə Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi 6,5 faiz artırılaraq 8,5 %-dən 15 %-ə qaldırılsa da, hələlik həm valyuta, həm də istehlak bazarında volatillik davam edir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı, deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Ankara qısa deyil, daha çox orta və uzun müddətli dövrdə məzənnə stabilliyini hədəfləyir:

“İqtisadi amillərlə yanaşı siyasi faktorlar və eləcə də 50.0 faizə çatan illik inflyasiya dərəcəsi lirənin qısamüddətli dövrdə stabilləşməsini əngəlləyir. Türkiyədə yeni kabinetin fərqli yanaşması da lirənin məzənnəsindəki ucuzlaşmanın qarşısını ala bilmir.

Digər tərəfdən, Türkiyənin yeni maliyyə nazirinin U dönüşlü mesajları maliyyə bazarlarında volatilliyi azaltsa da, stabilliyinə nail olmaq mərhələli prosesdir və bu baxımdan hələlik qısamüddətlidən daha çox uzunmüddətli hədəflərə söykənilir”.

Deputatın sözlərinə görə, bütün bunlarla yanaşı, Türkiyədə əvvəlki dövrdən fərqli olaraq Mərkəzi Bankın daha müstəqil qərarları, kabinetin yeni yanaşmaları qardaş ölkə iqtisadiyyatı ilə bağlı nikbinliyi artırır:

“Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşdır və qeyri-neft ixracatında əsas partnyorudur. Enerjidən kənar ixracatımızın 1/3-dən çoxu qardaş ölkəyə ünvanlanır. Bu baxımdan, strateji mütəffiqimiz olan Türkiyədə məzənnə stabilliyinə nail olunması bizim üçün həmçinin ixracatın həcmi baxımdan da vacibdir”.

Zaira Akifqızı
Globalinfo.az