
Əli bıçaqlı uşaqlar, dava-dalaşlı sinif otaqları, müəllimlərə dırnaqarası yanaşma… Zaman-zaman şagirdlərin bu cür davranışları müzakirə obyektinə çevrilir.
Bu kontekstdə, bir müddətdir, məktəblərdə əxlaq dərsinin keçilməsi istiqamətində də təkliflər səsləndirilir. Oxşar fikirlə ötən gün müğənni Elçin Cəfərov da çıxış edib. O, paylaşımında qeyd edib ki, birinci sinfin fənləri əxlaqa aid olmalı, uşaqlara əxlaq dərsi keçirilməlidir: “Əxlaq dərsini keçən müəllim də layiqli olmalı və əxlaq qaydalarına ən əvvəl özü əməl etməlidir”, – ifaçı yazıb. Sözügedən fikirlər birmənalı qarşılanmayıb. Bəziləri təklifi dəstəkləsələr də, bir qisim də buna ehtiyacın olmadığını vurğulayıb.
Məktəblərdə əxlaq dərsi keçirilməlidirmi?
Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, bu cür fikirlər tez-tez səsləndirilir:
“Nəzərə almalıyıq ki, hansısa fənni tədris proqramına salmaq o qədər də asan deyil, mürəkkəb məsələdir. Biz zaman-zaman cəmiyyətdə tədris proqramına müəyyən fənlərin daxil edilməsi istiqamətində müxtəlif fikirlərin səsləndirildiyini görürük. Biri deyir, “əxlaq dərsi” olsun, biri deyir, “ekologiya dərsi” keçirilsin və s. Düşünürəm ki, bu mənada prosesi həyata keçirmək asan deyil. Ümumiyyətlə, bunun üçün ayrıca bir fənnə ehtiyac olmadığını düşünürəm. İlk növbədə valideynlər övladlarının təlim-tərbiyəsinə daha çox dəstək verməli, yanlarında olmalıdırlar. Uşaqlara sağlam tərbiyə vermək üçün çalışmalıdırlar”.

Ceyhun Məmmədov
Millət vəkili qeyd edib ki, məktəblərdə fənn kimi deyil, davamlı olaraq əxlaq məsələləri ilə bağlı bilgilər verilməlidir:
“Məktəblərdə bu istiqamətdə görüşlər keçirilməlidir. Bunlar təkcə fənlə verilə biləcək məlumatlar deyil. Eyni zamanda əlavə olaraq gənclər, uşaqlar üçün maarifləndirmə işləri keçirilməli, müxtəlif kurslar, seminarlar, təlimlər təşkil edilməlidir. İctimai xadimlərlə, ziyalılarla görüşərək bu cür addımlar atmaq mümkündür. Proses bu istiqamətdə getməlidir”.
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı isə bildirib ki, şəxsiyyətin xarakterinin formalaşmasında üç əsas faktor var:
“Ailə, məktəb və ətraf mühit. Bunlar həm bir-biri ilə bağlıdır, həm də ayrı. Ailələrdən gələn tərbiyə özünü həm məktəbdə, həm də ətraf mühitdə göstərir. Birinci növbədə ailədə tərbiyənin əsası düzgün qoyulmalıdır. Amma məktəblərdə də bu sistemin tətbiq olunması çox vacibdir. Bunun adını “əxlaq” deyil, “tərbiyə”, “etika” dərsi də qoymaq mümkündür. Xüsusi dərsin keçirilməsinə ehtiyac var, bəli. Ümumiyyətlə, 11 illik tədris müddətində belə dərslər keçirilməlidir. Ailədə tərbiyə ala bilməyən uşaqlar ola bilər, onlar məktəb və ətraf mühitin təsiri altında formalaşır. Ona görə də birinci mərhələ kimi bu, məktəblərdə kompensasiya olunmalıdır. Ailələrdə tərbiyə almayan uşaqlar iki qrupa bölünür – məcburi səbəbdən, yəni ata-ana bütün günü işləyir, vaxt ayıra bilmirlər; digəri isə bilərəkdən edilən, ailənin vaxtı olsa da, uşağın tərbiyəsinə zaman ayırmır. Bu zaman məsələ ikinci mərhələyə keçir, yəni bu, məktəblərdə formalaşdırılmalıdır”.

Elçin Bayramlı
Sosioloqun fikrincə, son dövrlər məktəblərdən tərbiyə funksiyası alınıb və yalnız texniki təhsil verilir:
“Bunun da nəticəsi ağır fəsadlarla ortadadır. Mütləq məktəblərdə uşaqlara başda insan kimi formalaşmağın qaydaları, prinsipləri keçirilməli, əxlaqi, mənəvi dəyərlər barədə məlumatlar verilməlidir. Eyni zamanda ətraf mühitin təsirləri də neytrallaşdırılmalıdır. Ailə və məktəbdə düzgün tərbiyə olarsa, ətraf mühitdə artıq düzgünlük üstünlük təşkil edəcək. Mənəvi-psixoloji tərəfləri gücləndirmək lazımdır. Burada isə həm valideynlər, həm də məktəblərin üzərinə ciddi iş düşür. Bu baxımdan məktəblərdə “əxlaq dərsi”nin keçirilməsinin tərəfdarıyam. Bu, vacibdir. Məktəblərə tərbiyə funksiyası geri qaytarılmalı, müəllimlərə müəyyən səlahiyyətlər verilməlidir. İndi uşaq nə istəsə edir, müəllim ona heç nə deyə bilmir. Məsələ keçmişdəki kimi tənzimlənməli, uşaqlar müəllimlərə ikinci valideyn kimi yanaşmalıdırlar. Valideynlə müəllim birgə şəkildə uşaqların psixologiyasının formalaşması mərhələsini müşahidə etməli, müzakirəyə çıxarmalıdırlar”.
Əliyar Xəlil