
Fransa Prezidenti Emmanuel Makron Fransa və Böyük Britaniyanın Fələstin dövlətini birgə tanımasının vacibliyini vurğulayıb.
Globalinfo.az xəbər verir ki, o, bu çağırışı Parisdə keçirilən diplomatik tədbir zamanı səsləndirib. Makronun sözlərinə görə, yaxın şərqdə sülhün bərqərar olması üçün iki dövlətli həll planı yeganə çıxış yoludur.
Dövlət başçısı bildirib ki, Fələstinin tanınması prosesi təkcə rəmzi addım deyil, eyni zamanda İsrail–Fələstin münaqişəsinin ədalətli və davamlı həllinə xidmət edəcək strateji qərardır:
“Bu tanınma Avropanın geosiyasi məsuliyyətidir. Böyük Britaniya ilə birlikdə bu tarixi addımı atmaq sülh prosesini irəli aparar”.
Makron eyni zamanda qeyd edib ki, bu məsələ üzrə koordinasiya Avropa İttifaqı daxilində də gücləndirilməlidir. Fransa lideri vurğulayıb ki, münaqişənin hazırkı gərgin mərhələsində beynəlxalq ictimaiyyət tərəfləri dialoqa təşviq etməli və iki dövlətli həll konsepsiyasına real dəstək verməlidir.
Tahir Turan
Globalinfo.az