“Ermənistanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron Bakıda saxlanılan “erməni əsirlər”lə (müharibə cinayətlərinə görə məhkum edilən separatçılar) bağlı məsələni əvvəlcə baş nazir Nikol Paşinyanla, daha sonra Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edəcəyini bildirib. Bu, Paris üçün yeni çətinlik vəd edir”.
Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.
Siyasi şərhçi bildirib ki, separatçıların azad edilməsi istəyi Bakının “qırmızı xətlərini” keçmək cəhdidir:
“Həmçinin, Paşinyanın da məsələyə yanaşması mənfidir. Makron bunu anlayır, hərçənd, İrəvan küçələrində erməni jurnalistlərin sualını cavabsız qoyması, yaxud məsələyə laqeyd mövqe sərgiləməsi Fransanın “erməni siyasətinə” zidd olardı. Fransa prezidentinin açıqlaması həm ölkəsindəki erməni icmasının, həm Yelisey sarayına təsir imkanı olan erməni lobbisinin istəyini qarşılamaq, həm də Ermənistanda revanşist elektoratın inamını itirməmək məqsədi kimi görünür.
İstisna deyil ki, Makron İrəvan səfərindən sonra Əliyevlə danışmağa cəhd edəcək. Lakin Bakının cavabı bəllidir: ya Əliyev ümumiyyətlə Makronun zənginə cavab verməyəcək, ya da ona “qırmızı xətt”i yenidən göstərəcək.

Asif Nərimanlı
Makronun məsələni ritorik çərçivədən kənara çıxarmayacağı ehtimalı daha çoxdur. Bunun əksi – Fransanın həbs edilən separatçıların – Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin azad edilməsində israrlı mövqeyi Parisin təkcə Bakı ilə normallaşan münasibətlərini deyil, ümumilikdə Cənubi Qafqazdakı mövqelərini yenidən risk altına sala bilər. Bu, Avropa İttifaqının regionla bağlı siyasətinə də ziddir”.
Turan Rzayev
Globalinfo.az